17 iyul 2024 14:08
269

Qarabağa çoxdan gözlənilən qayıdışa bədii töhfə

İkinci Qarabağ müharibəsində qazandığımız şanlı qələbə, torpaqlarımızın erməni işğalından azad edilməsi dünyanın harasında yaşamağından asılı olmayaraq ürəyi Vətən eşqi ilə döyünən, azərbaycançılıq məfkurəsini amala çevirən hər bir soydaşımızı qürurlandırdı, hər birimizə sonsuz sevinc və xoşbəxtlik hissi bəxş etdi. Zaman keçdikcə xalq-dövlət birliyinin vəhdətindən yaranan bu zəfərin qazanılması üçün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənə qan udduran igid oğullarımızın göstərdikləri misilsiz qəhrəmanlıq nümunələri haqqında hekayələr, romanlar, şeirlər yazılır, mahnılar bəstələnir. Otuz doqquz ildir Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan həmyerlimiz, yazıçı Adil Quliyevin bu yaxınlarda rus dilində nəşr edilmiş “Qarabağ: çoxdan gözlənilən qayıdış” (“Карабах: долгожданное возвращение”) romanı da tarixi qələbəmizin mahiyyətinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyan belə ədəbiyyat nümunələrindəndir.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalından, erməni cəlladlarının törətdikləri qanlı Xocalı faciəsindən tutmuş 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirlərinə qədər gərgin hadisələrlə dolu geniş dövrü əks etdirən roman Rusiyada bu mövzuda yazılmış ilk bədii əsərdir. Roman Azərbaycan dilinə tərcümə edilərək “Xüsusi təyinatlı” adı ilə “Qanun” nəşriyyatında da çap olunub, təqdimatı keçirilib. Təqdimat mərasimində iştirak etmək məqsədilə bir neçə günlüyə Vətənə gəlməsindən istifadə edərək kitabın yazılma səbəbləri, rus oxucular tərəfindən necə qarşılandığını, Sankt-Peterburqda nəşri zamanı yaranmış problemlər haqqında ətraflı məlumat almaq üçün müəlliflə görüşdük.

Əslən Goranaboy rayonunun Xan Qərvənd kəndindən olan Adil Quliyev 20 yaşından Rusiyada yaşayır. Birinci Qarabağ müharibəsi zamanı əsgərlərimizə dərman və tibbi vasitələrlə yardım göstərmək üçün Azərbaycana gəlib, cəbhə bölgəsində baş verən hadisələrin, həmçinin Xocalı soyqırımı günlərində ermənilərin mühasirəsində sağ çıxa bilən insanların faciəsinin canlı şahidi olub. Yaddaşından heç zaman silinməyəcək o acı günləri xatırladan müəllif bizimlə söhbətində bildirdi ki, həmin vaxtdan Xocalı haqqında yazmaq qərarına gəlib: “O insanların gözlərindəki dəhşətli kədəri, onların çarəsizliklərini unuda bilmirdim. Az qalırdı ürəyim partlaya. İnanın, həqiqətən Xocalının qisası alınana qədər hər gün onlar haqqında düşünürdüm. Ancaq hər dəfə yazmaq istəyəndə sanki hansısa qüvvə “hələ səbir elə” deyirdi. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tarixi qələbə qazandıqdan, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildikdən dərhal sonra qərar verdim ki, artıq həmin vaxt yetişib. Qısa müddətdə romanı yazıb bitirdim”.

“Qarabağ: çoxdan gözlənilən qayıdış” əsərində hadisələr yaşlı babasından başqa bütün yaxınlarını Xocalıda itirən Aslan Bünyadovun həyatından bəhs edir. Qəhrəmanın uşaqlığı, təhsili, xüsusi təyinatlı zabit kimi 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında iştirakı, həmçinin onun sevgi həyatı romanın əsas mövzusunu təşkil edir.

Müəllif bildirdi ki, müharibə zamanı Sankt-Peterburqda yaşayan bütün soydaşlarımızı cəbhəyə yardım göstərmək üçün səfərbər edib və bu vasitəylə onlar da Vətən qarşısındakı mənəvi borclarını ödəməyə çalışıblar: “Müharibə sevinməli bir şey deyil. Ancaq Aprel döyüşləri baş verəndə sevindim. Bildim ki, bu, ilk addımdır, davamı gələcək və biz tarixi ədaləti bərpa edəcəyik. Müharibə başlayanda Azərbaycanda uşaqdan böyüyə hamının bir yumruq kimi birləşməsi rusları, orada yaşayan başqa millətlərin nümayəndələrini, hətta erməniləri heyrətə gətirmişdi. Biz də orada səfərbər olmuşduq. Şəhərin müxtəlif yerlərində dəftərlər qoymuşduq və təşkil edirdik ki, azərbaycanlıların hamısı imkanı müqabilində müdafiə fonduna pul köçürsün”.

Adil Quliyev romanın çapı zamanı nəşriyyatlarda problemlərlə üzləşib. Rus dilində belə bir əsərin nəşrini kimsə boynuna götürmək istəmirmiş. Dediyinə görə, hətta nəşriyyatlardan birində romandakı ermənilər haqqında işlədilmiş “düşmən” sözlərini də sayıblar, bəzi ixtisarlar etməli olub.  Nəhayət, kitabı ərsəyə gətirə bilib: “Romanı, belə demək mümkünsə, birnəfəsə yazdım. Məqsədim Xocalı faciəsinin 32-ci ildönümünə kimi hazır etmək idi. Buna nail oldum, ancaq nəşri asan başa gəlmədi. Yenə şükür ki, bütün çətinliklərin öhdəsindən gələ bildik və “Qarabağ: çoxdan gözlənilən qayıdış” Azərbaycan həqiqətlərindən bəhs edən ilk bədii əsər kimi rusiyalı oxuculara təqdim olundu”.

Müəllifin sözlərinə görə, roman Sankt-Peterburqda kifayət qədər maraqla qarşılanıb. İndi hətta Rusiyanın digər şəhərlərindən də kitab əldə etmək üşün müraciətlər edilir: “Mən bu kitabı oxuculara ödənişsiz şəkildə çatdırıram. Əsas məqsədim odur ki, Xocalıda millətimin başına gətirilənlərdən daha çox insan xəbər tutsun. Ruslar, başqa millətlərin nümayəndələri romanı oxuyub mənimlə əlaqə saxlayırlar, təəccüblə soruşurlar ki, həqiqətənmi belə hadisələr baş verib? Artıq oxucularımdan neçəsi əsərlə tanış olandan sonra internet vasitəsilə axtarış verib Xocalı faciəsi haqqında məlumat əldə etdiyini deyib. Bu, məni sevindirir. Deməli, məqsədimə çatmışam”.

Sonda müəllifə uğurlar arzulayır, “qələmin iti olsun ki, hər zaman Azərbaycan haqqında yazıb-yaradasan” deyirik.

A. Miriyev, “İki sahil”