20 iyul 2024 10:23
444

DİN: İşğaldan azad edilmiş ərazilərdə xeyli sayda silah-sursat aşkarlanıb

Həyata keçirilən tədbirlərlə 13-19 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 25 avtomat silahı, 6 tüfəng, 17 qumbara, 11 alışdırıcı, 39 patron darağı, 1965 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 tapança, 2 patron darağı, 16 ədəd patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 200 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətini məlumat yayıb.

Qeyd edilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.