23 iyul 2024 22:15
579

Sinəsini Vətəninə sipər edən qəhrəman - FOTO

44 günlük   haqq savaşımızda  sinəsini  Vətəninə sipər edib  ölümsüzlük qazanan qəhrəmanlardan  bir də şəhid  Afərin Müqəddəs oğlu Qulamzadədir.  Lənkəranın Mamusta kəndində dünyaya göz açan bu Vətən sevdalısı şərəfli ömrünün 25 ilinə qədəm qoydu. Afərin cismən aramızdan getsə də, mənən milyonların ürəyində yaşayır. Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhidin doğum günü münasibətilə tədbir keçirildi.

 Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyevanın və digər rəsmilərin, şəhid ailə üzvlərinin, müharibə əlillərin,  təhsil aldığı  M. Fərzullayev adına Mamusta kənd tam orta məktəbin müəllim və şagirdlərin, rayon ictimaiyyətinin nümayəndələrin qatıldığı tədbirdə əvvəlcə   şəhidin şəxsi əşya və fotolarından ibarət sərgiyə baxış  oldu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi,  ulu öndər Heydər Əliyevin və  Vətən yolunda canını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılmaq  ilə başladı.

Tarix yazan qəhrəmanın həyat yolunu özündə əks etdirən video çarx izlənildi,  Mərkəzin direktoru Reyhanə  Sadıxova Azərbaycan Ordusunun zəfər yürüşündən, İkinci Qarabağ savaşında göstərilən igidlik və rəşadətdən, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən söz açdı,  şəhidin ailə üzvlərinə Heydər Əliyev Mərkəzinin rəsm studiyasında yağlı boya ilə çəkilmiş Afərin Qulamzadənin portretini təqdim etdi.

Çıxışında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ü. Əliyeva dedi:- Ölkə Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun iradəsi və gücü sayəsində    30 il düşmən əsarətində qalan torpaqlarımız yağı düşməndən geri alındı, Vətənimizin bütövlüyü təmin edildi. Bu yolda  can qoyan, qan tökən  şəhidlərimiz heç zaman unudulmaz, onların əziz xatirəsi əbədi  qəlbimizdə  yaşamaqla gələn nəsillərə də örnək göstəriləcək.

Məktəblilər Vətən və şəhidlərə haqqında milli ruhda şerlər söylədilər. Mərhum ifaçı, söz ustadı Elnur Valehin şəhid Afərinin əziz xatirəsinə həsr etdiyi klip, tanınmış ifaçıların vətənpərvərlik  mövzusunda mahnıları dinlənildi.

Məlum olsun ki, Vətən müharibəsində son nəfəsinə qədər  qəhrəmancasına  yağıya qarşı vuruşaraq  şəhidlik zirvəsinə ucalan igid əsgər ölümündən sonra dövlət tərəfindən “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda” və  digər medallara layiq görülüb. Onun əziz  xatirəsinə ehtiram əlaməti olaraq bulaq, büst, xatirə lövhəsi  yaradılıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü