02 avqust 2024 00:32
708

İndiyədək sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb

Azərbaycanın qeyri-neft sənayesinin inkişafında Qarabağdakı sənaye parklarının da fəaliyyəti diqqət çəkir. Bu ərazilər təbii ehtiyatlarla zəngindir.

Son illər ölkəmizdə qeyri-neft sənayesinin inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr sırasında dövlət başçısının təşəbbüsü ilə sənaye parkları və məhəllələrinin yaradılması mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsi olaraq bu gün Azərbaycanda sənaye parkları və sənaye məhəllələri iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır.

Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və "Araz Vadisi İqtisadi Zonası") və 5 sənaye məhəlləsi (Hacıqabul, Neftçala, Masallı, Sabirabad və Şərur) fəaliyyət göstərir. Azərbaycanda I yarımildə 32 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Hesabat dövründə ölkədəki sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 31,5 milyard manatlıq məhsul buraxılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz yüksəlib. Bu dövrdə respublikada fəaliyyət göstərən sənaye zonalarının fəaliyyəti səmərəliliyi ilə daha çox fərqlənib. Belə ki, cari il iyulun 1-nə qədər Azərbaycanda sənaye zonalarından 13,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, satışın 1,4 milyard manatlıq, ixracın isə 0,45 milyard manatlıq hissəsi bu ilin I yarısının payına düşüb. Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə göndərilib.

Məlumata əsasən, indiyədək sənaye zonalarında ümumi investisiya dəyəri 8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Eyni zamanda, sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiya qoyulması və 7100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulurb.

Hesabat dövründə sənaye zonaları sırasında Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti daha çox məhsuldar olub. Bu gün ölkənin sənaye sektorunun inkişafında mühüm rol oynayan Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 31 iyul tarixində imzaladığı müvafiq sərəncama əsasən, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi nəzərdə tutulub. Belə ki, Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid 29,63 hektar Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi sənayeləşmənin inkişafında yeni mərhələnin bir hissəsi hesab edilə bilər.

Qeyd edək ki, bu sənaye parkına indiyədək 5,5 milyard manatdan çox sərmayə yatırılıb. Parkda ümumi investisiya həcmi 6,2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu günə kimi sənaye müəssisəsində 6800-dək daimi iş yeri yaradılıb. Yeni fəaliyyətə başlayacaq iki müəssisədə, ümumilikdə, 40 milyon manata yaxın investisiya qoyulmaqla 300-dən artıq əlavə iş yerinin yaradılacağı planlaşdırılıb. Mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 554 milyon manat investisiyanın yatırılması, 2200-dən çox iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək parkın rezidentləri tərəfindən ümumilikdə 11,6 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 4,1 milyard manatdan çox hissəsi (təxminən 35,3 faizi) ixrac vasitəsilə reallaşıb. Cari ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal edilib və bunun da 455 milyon manatlıq hissəsi ixrac olunub. Bu il sənaye parkında ümumi investisiya dəyəri 39,2 milyon manat olan iki müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Burada “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin, “Az-TexImport” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisələrinin fəaliyyətə başlaması nəzərdə tutulub.

Azərbaycanın qeyri-neft sənayesinin inkişafında Qarabağdakı sənaye parklarının da fəaliyyəti diqqət çəkir. Hazırda Azərbaycanın sənaye potensialının böyük bir hissəsi 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə cəmləşib. Bu ərazilər təbii ehtiyatlarla zəngindir. Burada emal sənayesinin böyük inkişaf perspektivləri var. Uğurla reallaşdırılan bərpa proqramı çərçivəsində sözügedən ərazilərin sənaye potensialından da səmərəli istifadə edilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, respublikamızda fəaliyyət göstərən 12 sənaye zonasının 8-i məhz regionların payına düşür. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi, Qarabağ və Şərq Zəngəzur iqtisadi rayonlarının iqtisadiyatının reinteqrasiyasını təmin etmək məqsədilə yaradılmış “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları da bu baxımdan diqqət çəkir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR par­kı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılıb. Ağdam Sənaye Parkında isə prioritet fəaliyyət istiqamətləri sırasında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Nigar Orucova, “İki sahil”