Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev “olum ya ölüm” dilemması ilə qarşı-qarşıya qalan Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi.
1992-ci il oktyabrın 6-da Azərbaycanın 91nəfər ziyalısı Heydər Əliyevə müraciət etdi. Sözügedən müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”
O zaman respublikamızdakı ağır vəziyyəti dərindən və hərtərəfli təhlil edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Ulu Öndər xalqın taleyi üçün narahat olan ziyalıların müraciətini cavabsız qoymadı. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılığını belə ifadə etdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

1992-ci ii noyabrın 21-də Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi.
Ümummilli Lider milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq üçün mühüm addımlar atdı. 1994-cü ilin mayında işğalçı Ermənistan ilə atəşkəs haqqında razılaşma əldə olundu. Həmin ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft kontraktları imzalandı. Ölkənin çoxsaylı sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. 1995-ci il noyabrın 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. Azərbaycan dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq üçün ictimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edildiyi ölkəyə çevrildi.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışında bildirib ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”.
lu Öndərin siyasi kursunu uğurla davam edtirən Prezident İlham Əliyevin əzmi, qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən uzaqgörən, məqsədyönlü, düşünülümüş daxili və xarici siyasəti sayəsində Azərbaycanda siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edildi, ölkəmizin beynəlxalq arenada mövqeyi daha da gücləndi, respublikamız regionda baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkə statusu qazandı. Ata vəsiyyətini yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəyanəti, prinsipiallığı və praqmatik siyasəti nəticəsində qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Zəfərini təmin edən mühüm amillər oldu.
Zahid Rza, “İki sahil”