1992-ci ilin noyabrında Naxçıvanda təməli qoyulan Yeni Azərbaycan Partiyası (YAP) ötən müddət ərzində sadəcə siyasi təşkilat deyil, Azərbaycanın müstəqillik, inkişaf və ərazi bütövlüyü uğrunda mübarizəsinin əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Partiyanın keçdiyi keşməkeşli yola nəzər saldıqda ötən illər ərzində onun ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm rol oynadığının görmüş oluruq. 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin Azərbaycan dövlətinin daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqliyi ilə layiqincə yerinə yetirilib.
YAP-ın yaranması ölkədə siyasi sabitliyi bərpa etmək, dövlətçilik institutlarını gücləndirmək və Azərbaycanda anarxiyanın qarşısını almaq üçün yeganə çıxış yolu idi. 1993-cü ilin yayında Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı əsl qurtuluş tarixi oldu. YAP 34 illik fəaliyyəti ərzində Heydər Əliyevçilik ideologiyasına sadiq qalaraq, müasir Azərbaycan dövlətinin təməlni qurdu. Partiya bu gün özünün qalib Sədri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini yeni mərhələdə davam etdirir. Sözlə əməl birliyi, tutduğu yola sadiqliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. O tarixi hadisədən ötən 34 il partiyanın həyatında xalqa, dövlətə və dövlətçiliyə xidmət kimi səciyyələnir. Eyni zamanda, 34 ilin təcrübəsinə əsaslanaraq bu reallığı da böyük fəxr hissi ilə qeyd etmək lazımdır ki, ötən müddət ərzində Azərbaycan dövləti qarşıya qoyulan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır. Təbii ki, bu uğurlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin, eyni zamanda, bu xəttin son 23 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır. Partiyanın tarixində dönüş nöqtəsi 2020-ci ildə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. YAP-ın ideoloji xəttinin və dövlətçilik siyasətinin ən böyük təsdiqi olan belə Qələbələr seriyası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Dünənin, bu günün və gələcəyin partiyasının VIII Qurultayı da bu siyasi təşkilatın tarixində yeni mərhələ oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, YAP-ın VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Dövlətimizin başçısı bildirib ki, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: «Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.»

Eyni zamanda, Prezident İlham Əliyev Qurultaydakı çıxışında bir önəmli məsələni də xüsusi vurğulalayıb: "İk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir."
Bəli, bu gün YAP-ın əsas məramı Qarabağda həyata keçirilən Böyük Qayıdış Proqramını dəstəkləmək, azad edilmiş ərazilərdə infrastrukturun bərpası, iqtisadiyyatın canlandırılması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etməkdir.
Elçin Zaman, "İki sahil"