Dünya bazarında neft ucuzlaşmaqda davam edir. Brent markalı neft 2024-cü ildə ən aşağı qiymətə təklif olunur. Hazırda 1 barel neftin qiyməti 76 dollardır. Tələbin azalması neft bazarına birbaşa təsir göstərərək volatilliyi artırıb. Digər tərəfdən, bu il ABŞ-da quyuların sayının azalmasına baxmayaraq neft hasilatında artımlar müşahidə edilir. Hazırda Birləşmiş Ştatlarda gündəlik neft hasilatı 13.3 milyon bareldən çoxdur.
Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz, digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımdan əhəmiyyətlidir.
2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmələrdən sonra əsas maliyyə sənədində neftin qiyməti 60 dollardan 75 dollaradək artırıldı. Hazırda dünya bazarında neftin qiyməti büdcədəki qiymətdən cüzi artıqdır. Doğrudur, 2024-cü ilin geridə qalan ayları üzrə neftin orta qiymətini nəzərə aldıqda mövcud bazar tarazlığı fiskal gəlirlərimiz üçün risk formalaşdırmır. Amma sözsüz neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də tədiyyə balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq.
Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında da bu il neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.
Təbii ki, ölkəmizə valyuta axınının artması, həmçinin daxili bazarda rəqabətin güclənməsi, ölkə iqtisadiyyatının daha da canlanması fonunda Azərbaycanda əhalinin sosial müdafiəsi də gücləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlayacağı haqqında açıqlamadan sonra artımın nə qədər olacağı ən çox verilən suallardandır. Sosial şəbəkə paylaşımlarında da bu mövzu, xüsusən də minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı xeyli şərhlər və qeydlər var.
Təbii ki, müzakirələrin noyabradək başa çatacağını nəzərə aldıqda konkret rəqəmin həmin ay bəlli olacağı gözlənilir. Rəsmi açıqlamadan da göründüyü kimi, indi müzakirələr mərhələsidir və bu baxımdan da konkret artım faizi hələlik elan edilməyib.
Bununla belə, minimum əməkhaqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübənin nəzərə alıncağı istisna deyil. Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əməkhaqqı 2.7 dəfə artırılıb. Bu baxımdan, minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər. Bunlar ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizidir.
Minimum əməkhaqqının sonuncu dəfə 2023-cü ilin yanvarında artdığını nəzərə alsaq ötən və bu ilki illər üzrə qiymət artımlarının nəzərə alınması önəmlidir. Ötən il inflyasiya səviyyəsi 8.8, orta aylıq əməkhaqqındakı artım faizi 11.3 faiz olub. Bu ilki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək. Eyni zamanda, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu, o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əməkhaqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir. İki rəqəmlinin konkret hansı faizlə ifadə olunacağını isə payız aylarında söyləmək mümkün olacaq.
Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əməkhaqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz.
Cavid Əkbərov, “İki sahil”
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb