Onlar qalıq yanacaqlara böyük sərmayələr qoymağa davam edir
Azərbaycan 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi edəcək. Sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşan, ümumilikdə 106 ölkədən 2 300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası da Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verdi. Assosiasiyaya üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də müraciətə qoşuldu. Hətta Ermənistan ev sahibliyinə namizədliyini geri götürərək, COP29-un Azərbaycanda keçirilməsini dəstəklədi. Lakin buna baxmayaraq, COP29-un Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşan və qərəzini gizlətməyən ölkə və təşkilatların da mövqeyi gecikmədi, Bakının bu tədbirə ev sahibliyi edə bilməyəcəyi kimi hədyan fikirlər səslənməyə başladı. Qərb mətbuatının, AŞPA-nın, Fransa və ABŞ Konqresinin bəzi nümayəndələrinin səsləndirdikləri fikirlər onların riyakar mövqeyini bir daha ortaya qoydu. Halbuki, statistikaya nəzər salanda Azərbaycanın onu ittiham edən ölkələrdən fərqli olaraq, zəngin mədəni irs və ekoloji sərvətlərin qoruyucusu olduğu, iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi uğrunda fəallığı ilə daha çox önə çıxdığını görürük.
2024-cü ildə neft və qaz kəşfiyyatı fəaliyyətində yeni irəliləyişlər planetin orta temperaturunun yüksəlməsinə birbaşa təsir göstərən təxminən 12 milyard tona yaxın emissiya buraxmaqla hədələyir. Üstəlik, ABŞ və bəzi zəngin Qərb dövlətləri iqlimlə bağlı öhdəliklərinə baxmayaraq, qalıq yanacaq istehsalının sürətlə genişlənməsinə rəhbərlik edirlər. Beynəlxalq Davamlı İnkişaf İnstitutunun (IISD) sənaye məlumatlarının təhlilinə əsasən, yeni neft və qaz lisenziyaları 2018-ci ildən bəri ən yüksək emissiya səviyyəsi ilə nəticələnəcək. Bu arada qalıq yanacaq şirkətləri yeni neft və qaz yataqlarının işlənməsinə 2015-ci il Paris İqlim Sazişindən bəri hər zaman olduğundan daha çox pul sərf edirlər. Halbuki, 2015-ci ildə dünya hökumətləri emissiyaları azaltmaq və qlobal istiləşməni cilovlamaq üçün ciddi addımlar atmağa razılaşmışdılar. Lakin nəzərə almaq lazımdır ki, ən varlılar, xüsusən də Qərb ölkələri iqtisadi cəhətdən daha yaxşı vəziyyətdədirlər və Paris razılaşmalarına uyğun olaraq, qalıq yanacaqlardan təmiz enerji mənbələrinə keçidə rəhbərlik etməyə borcludurlar. Ancaq onlar 2023-cü ildə yeni neft və qaz yataqlarının işlənməsi üçün 825 yeni lisenziya verərək rekorda imza atıblar. Büdcələrini tarazlaşdırmaq üçün böyük ölçüdə neft və qaz gəlirlərinə güvənən Səudiyyə Ərəbistanı və ya Rusiya kimi klassik “neft dövlətləri” iqlim böhranı ilə bağlı tədbirləri yavaşlatdıqları üçün tənqid edilir. Bunun fonunda bəzi Qərb KİV-lərində bir sıra ölkələrdə iqlim dəyişikliyi ilə mübarizəyə dair beynəlxalq tədbirlərin, forumların və müzakirələrin keçirilməsinin guya məqsədəuyğun olmaması ilə bağlı rəvayətlər yayılır.
Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl” gündəliyin təbliği istiqamətində titanik səyləri müəyyən dairələri qıcıqlandırır və bu, belə ritorikaya gətirib çıxarır. Azərbaycanda normativ-hüquqi aktlar səviyyəsində yeniliklər tətbiq edilir, yaşıl enerji sektorunun inkişafına yönəlmiş qanunvericilik bazası gücləndirilir, bu istiqamətdə əməli addımlar atılır. Bundan əlavə, son illər Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə anlaşma memorandumları və müvafiq sazişlər imzalayıb. Bu sənədlərə uyğun olaraq quruda və dənizdə onlarla giqavat günəş və külək enerjisi istehsal olunacaq.
1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra Azərbaycan qlobal iqlim dəyişikliyinin mənfi nəticələrini yumşaltmaq üçün beynəlxalq səylərə qoşulub. Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq Azərbaycan inkişaf etməkdə olan ölkə kimi hər dörd ildən bir Konvensiyanın Katibliyinə öz emissiyaları haqqında hesabat təqdim edir. 2016-cı ildə Konvensiya ilə birlikdə Paris Sazişini ratifikasiya edən Azərbaycan Respublikası qlobal iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması təşəbbüslərinə öz töhfəsi kimi 2030-cu ilə qədər istilik effektli qazların emissiyalarının səviyyəsini baza ili ilə müqayisədə 35 faiz azaltmağı qarşısına məqsəd qoyub. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faizə, 2030-cu ilədək isə 30 faizə çatdırılması Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasında nəzərdə tutulub.
Maraqlıdır ki, son on ildə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Norveç də daxil olmaqla, yüksək məhsuldarlıq və asılılıq səviyyəsi aşağı olan ölkələr tərəfindən verilmiş yeni lisenziyalar 2014-2023-cü illər arasında parnik qazı emissiyalarının bütün digər neft və qaz hasil edən ölkələrin birləşməsi ilə müqayisədə beş dəfə artması ilə nəticələnib. Son illərdə geniş fərqlə dünyanın ən böyük neft və qaz hasilatçısına çevrilən təkcə ABŞ 2023-cü ildə hasilat layihələri üçün rekord sayda 758 yeni lisenziya verib. 2024-cü il üçün proqnozlaşdırılan ABŞ lisenziyalarının ümumi sayı 397 milyon ton emissiya ilə nəticələnəcək. Bundan başqa, ABŞ-ın karbon emissiyalarının həcminə görə tarixi məsuliyyəti 430 milyard tondan çoxdur ki, bu da dünyada ən yüksək göstəricidir. Eləcə də statistikaya görə, ABŞ gündəlik 13 milyon barel neft hasil edərək dünyada istehsal olunan neftin həcmində təxminən 15%-lik paya malikdir və bununla dünyada ilk sırada qərarlaşır. Həmçinin dünyada iqlim dəyişmələri böhranının yaranmasında ən çirkli yanacaq növü sayılan kömürdən Birləşmiş Ştatlarda hələ də yanacaq növü kimi istifadə edilir. Bununla yanaşı, ABŞ ekoloji baxımdan adi qazdan da zərərli olan sıxılmış maye yanacaq istehsalında da lider mövqedədir. Böyük Britaniya bu il 72 neft və qaz lisenziyası verərək atmosferə 101 milyon ton planeti istiləşdirən çirkləndirici buraxacaq ki, bu da son 50 ilin ən yüksək göstəricisidir. Norveç öz növbəsində neft və qaz hasilatı üçün 80 lisenziya verəcək ki, bu da atmosferə 771 milyon ton istixana qazının atılmasına səbəb olacaq. Bu, 2009-cu ildən bəri qlobal emissiyalara “ən böyük töhfə” ola bilər. Müasir sivilizasiyanın üz qarası Fransanın məsuliyyətsizliyi isə saymaqla bitməz. Parisin müstəmləkəsində saxladığı ölkələrin sərvətini necə talan etdiyi, bu ölkələrin ekologiyasına necə divan tutduğu heç kəsə sirr deyil. Fransa bu ölkələri açıq-aşkar istismar edir və azğın siyasəti ilə inkişafdan saxladığı koloniyaları daha da yoxsulluğa sürükləyir. AŞPA və Qərb mətbuatı isə bu açıq-aşkar faktları görməzdən gələrək, yaşıl enerji layihələri ilə artıq qabaqcıl ölkələrdən birinə çevrilməkdə olan Azərbaycanı ekologiyaya zərər vurmaqda ittiham edir.
Dünyanın bir sıra ekspertləri də Qərb ölkələrinin ikiüzlülüyünü qeyd edirlər. Belə ki, onlar mədən yanacaqlarından istifadəni azaltmaq imkanlarına malik olsalar da, əksinə addım artırlar. “Geokəşfiyyatın nəinki COP28-dən sonra davam etməsi, həm də intensivləşməsi dərindən narahatlıq doğurur. Qalıq yanacaq gəlirlərindən nisbətən aşağı asılılığı olan zəngin ölkələr ilk olaraq lisenziya verməyi dayandırmalıdır. Məlumatlarda bunu görmürük”, – IISD-nin siyasət üzrə məsləhətçisi Olivye Bua fon Kursk bildirib. Qalıq Yanacağın Yayılmaması Müqaviləsi Təşəbbüsünün Qlobal İştirakının direktoru Harcit Singhin fikrincə, “zəngin ölkələrin riyakarlığı heyrətamizdir, çünki onlar qalıq yanacaqlara böyük sərmayə qoymağa davam edir”.
Sevinc Azadi, “İki sahil”
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb