Ölkəmizdə günəş enerjisi istehsalı rekord səviyyədə artıb. Belə ki, bu ilin ilk yarısında günəş enerjisi istehsalı 9 dəfə artaraq 32,3 mln. kVt saatdan 286,6 mln. kVt saata çatıb. Ölkə üzrə elektrik enerjisi istehsalı 13 557,4 mln. kVt saat olub. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 mln. kVt saat, günəş elektrik stansiyalarında 286,6 mln. kVt saat elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081.7 mln. kVt saat) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 mln. kVt saata çatıb.
COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpaolunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir. Bu, ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhfəsidir.
İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpaolunan enerji mənbələrindən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı, vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu da enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı, enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir.
Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar.
Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir.
Azərbaycan öz enerji imkanlarından fəal şəkildə istifadə etməklə külək və günəş enerjisinin perspektivlərini, eləcə də qaz ehtiyatlarının inkişafı və ixracını araşdırır. Eyni zamanda, ölkə daxilində bərpaolunan enerji mənbələrindən istifadənin artırılması yolları nəzərdən keçirilir, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə Avropa ölkələrinə yardım göstərilir. Ölkəmiz, eyni zamanda, tullantıların azaldılmasına da mühüm töhfə verir. Respublikamızın həm quruda, həm də dənizdə yaşıl enerjinin, xüsusən külək enerjisinin inkişafı üçün böyük potensialı var. Burada hidrogen kimi digər təmiz enerji texnologiyaları da mühüm rol oynaya bilər. Hidrogen tullantıları azaltmağa kömək edən ən mühüm texnologiyadır. Bu, Azərbaycanın artıq mühüm töhfə verdiyi və bir çox enerji idxal edən ölkələrə tullantıların azaldılması yolunu tutmağa kömək göstərdiyi sahədir. Böyük həcmdə bərpaolunan resurslara, eləcə də “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm “yaşıl”, həm də “mavi” hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.
Bir sözlə, Azərbaycan Avropaya yaşıl enerjinin əsas tədarükçüsü olmaq üçün unikal imkana sahibdir. Burada bərpaolunan enerji istehsalı potensialı göz qarşısındadır. Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. “Masdar” şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək. Bu elektrik stansiyalarının ümumi qoyuluş gücü 1000 MVt olacaq.
Bərpaolunan və ənənəvi enerjinin, o cümlədən neft və qaz hasilatının, karbonsuzlaşdırılmış və minimum karbon emissiyaları ilə uyğunluğu daha dayanıqlı enerji strukturu formalaşdırır. 2023-cü ilin sonunda Azərbaycanda bərpaolunan elektrik enerjisinin istehsalı üzrə quraşdırılmış güc 7,5 QVt təşkil edib. Lakin ölkədə bərpaolunan enerji mənbələrinin potensialı (təqribən 27 QVt) daha yüksəkdir. Günəş enerjisi əsas hissəni, yəni 23 GVt təşkil edir, quruda külək potensialı isə təqribən 3 GVt təşkil edir. Ölkəmiz, həmçinin 157 GVt həcmində qiymətləndirilən dənizdə külək enerjisi potensialına malikdir ki, bu da mövcud quraşdırılmış gücdən 20 dəfə çoxdur.
Azərbaycan bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmağa çalışır. 2027-ci ilədək 3 GVt külək və 1 GVt günəş enerjisinin istehsalı və onun 80 faizinin ixracı nəzərdə tutulur. 2037-ci ilədək isə gücün minimum 6 GVt-a qədər artacağı gözlənilir.
Cavid Əkbərov, “İki sahil”
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb