Bakı şəhərinin cari ilin yanvar-iyun ayları üzrə sosial-iqtisadi inkişafına yekun vurulub. Aşağıdakı icmalda nəticələr öz əksini tapıb.
Sənayenin inkişafı haqqında
Bu ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 26,3 milyard manat təşkil edib. Sənaye məhsulunun 76,4 faizi mədənçıxarma, 20,5 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,8 faiz təşkil edir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2024-cü il vəziyyətinə 512 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 40,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Tikintinin əsas göstəriciləri
Cari ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,4 faizini əsaslı təmir, 4,5 faizini cari təmir, 5,7 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Məhsul bazarı haqqında
2024-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 15892,1 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 9116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 6775,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə 48,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
İctimai iaşə
2024-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 faiz artaraq 708,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 422,9 milyon manat olub. Bu da ümumi dövriyyənin 59,7 faizini təşkil edir.
Ödənişli xidmətlər haqqında
2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 3565,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 3298,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 92,5 faizini təşkil edir.
Əməkhaqqı
Bu ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1272,3 manat təşkil edir.
Bakı Şəhər Statistika İdarəsi
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb