Təbii fəlakətlərdən sığortalanmaq fermerlər üçün həyati məsələdir
Bu gün kənd təsərrüfatı istehsalı üçün ən böyük risk iqlim şəraitidir. Həmçinin plansız istehsal, dəyişən birja, məhsulun aşağı qiymətləri bu sahədə digər böyük risklərdəndir. Yalnız riskləri diqqətdə saxlayaraq bütün bunlardan sığortalanmağı bacaran fermerlər uğur qazana bilirlər. Bu ilin yaz və yay aylarında ölkəmizdə havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Xüsusilə son 3 ayda davamlı yağan yağışlar, dolu düşmələri, ən dəhşətlisi isə sel sularının bütövlükdə əkin sahələrini basması meyvə ağaclarının çiçəklərini, tərəvəz və bostan bitkilərinin şitillərini yararsız hala salıb. Nəticədə ölkə fermerlərinin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının bir hissəsi məhv olub. Təbii ki, bunun ən böyük zərəri fermerlərə dəysə də həm də bazarlarda qıtlıq və bahalıq yaradır.
Bir sözlə məhz hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatına dəyən ziyandan sonra sığorta məsələsi aktuallaşmağa başlayıb. Xüsüsilə fermerlərin əksəriyyətinin sığortası olmadığından belə vəziyyətlə qarşılaşdıqda ziyanı özləri qarşılamalı olurlar. Məhz son zamanlar ölkə fermerləri aqrar sığortaya maraq göstərməyə başlayıblar. Aqrar sığorta məsələsi «Aqrar sığorta haqqında» Qanuna əsaslanır. 2019-cu ilin iyun ayında qəbul edilən sözügedən Qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minib. Aqrar Sığorta Fondunun (ASF) nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat ayrılıb. ASF-nin mətbuata açıqlamasında bildirilir ki, 2024-cü ilin ilk yarım illiyinin nəticələrinə əsasən, sığortalanan əkin sahələri və heyvandarlıq təsərrüfatları üzrə fermerlərə zərər ödənişlərində yüksək artım baş verib.
Belə ki, bu dövrdə müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş sığortalı fermerlərə 2 milyon 864 min manat sığorta ödənişi edilib. Ancaq keçən ilin birinci yarısında sığortalı fermerlərə ödənilən sığorta haqqı ümumilikdə, 1 milyon 147 min manat olub. Rəqəmlərdən də görünlüyü kimi, bu il sığorta ödənişləri təxminən 150 faiz artıb. Məlumatda bildirilir ki, son bir il ərzində əkin sahələri üzrə ödənişlər 3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 43 faiz artıb. Xüsusilə 2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib. Eyni zamanda bu dövrdə 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.
O da məlumdur ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir və sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş həyata keçirməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. Kənd təsərrüfatı mütəxəsisləri bildirirlər ki, aqrar bölmənin inkişafında mühüm rolu olan sığorta mexanizminin əhatə dairəsinin genişlənməsi bundan sonra da artacaq. Çünki fermerlərin bu məsələyə marağı artıb.
Faktlardan və rəqəmlərdən də göründüyü kimi, kənd təsərrüfatında sığorta olduqca vacibdir. Çünki kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha riskli sahə olduğundan burada sığortasız gəlir əldə etmək çətindir. Təbii ki belə bir şəraitdə aqrar sektor istehsalçıları normal sığorta təminatı əldə etsələr, onların investisiya cəlbedicilyi artacaq və sektora böyük həcmdə kredit qoyuluşu baş verəcək. Aqrar sahədə risk dərəcəsi yüksək olduğuna görə sahibkarların müvafiq risklərdən arzuedilən səviyyədə qorunması çox önəmlidir. Risklər sığortalanarsa kreditləşmə, investisiya qoyuluşu da stimullaşacaq. Heç bir ölkədə sığorta sistemi olmadan aqrar sahəyə kütləvi və davamlı kredit qoyuluşu olmur. Ona görə də bütün məsələlər ilk növbədə sığorta sisteminin normal işləməsindən asılı olacaq. Xüsusi vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradılıb. Burada yaradılan bir neçə aqrropark və digər fermer təsərrüfatları da aqrar sığortanın üstünlüklərindən yararlanmağa başlayıblar. O cümlədən həmin ərazilərdə xarici investisiyalı aqrar müəssisələr də fəaliyyət göstərir. Həmin müəssisələrin nizamnamələrində aqrar sığortadan yararlanmaq da əsas prinsip kimi irəli sürülüb.
Ümumiyyətlə, aqrar sığorta sisteminin normal işləməsi qarşılıqlı əməkdaşlıqdan çox asılıdır. İlk növbədə mexanizm təkmil olmaqla kənd təsərrüfatı istehsalçıları üçün əlverişli şərait yaranmalıdır. Bundan başqa digər vacib olan məsələ kənd təsərrüfatı məhsullarının istehsal prosesinin keyfiyyətli təşkil olunmasıdır. Eyni zamanda, aqrar sığortanın beynəlxalq təcrübəsinə diqqət etsək görərik ki, sığorta büdcəsi baxımından nümunə göstərə biləcəyimiz ölkələrdən olan ABŞ -da kənd təsərrüfatı məhsullarının sığorta haqqı 9,3 milyard, Çində 5,4 milyard, Hindistanda 2,8 milyard və Kanadada 1,3 milyard avrodur. Qardaş Türkiyədə isə bu göstərici 478 milyon avrodur.
Göründüyü kimi, indi qlobal mənada aqrar sığorta fermerlər üçün həyati məsələ kəsb edir. Bu prinsipə önəm verən fermerlər üçün kənd təsərrüfatında məhsuldarlığı və bazar problemini həll etmək daha əlçatan olur.
Elçin Zaman, «İki sahil»
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb