10 avqust 2024 00:18
766

"Yaşıl Dəhliz”: Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam edir.  Hər üç ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında xüsusilə enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli şəkildə davam edir. Üç qardaş ölkənin “yaşıl enerji” üzrə vahid siyasət təşəbbüsləri Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən birini təşkil edir.

Bu günlərdə Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanadakı görüşü də deyilənləri təsdiqləyir. Bu, Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüş idi. Həmin tədbirdə Azərbaycanı təmsil edən energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən alternativ nəqliyyat dəhlizlərinin və marşrutlarının artan əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında birləşdirici rolunu gücləndirib, enerji dəhlizlərinin potensialının bölüşdürülməsi imkanlarını aktual edib. Qeyd edilib ki, "yaşıl enerji"nin Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya ixracı məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi çərçivəsində yaxşı dinamika və tərəqqi var. Tərəflər layihənin həyata keçirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması üzrə texniki tapşırığı təsdiq ediblər. Birgə işçi qrupu Bakıda tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün CESI (İtaliya) konsaltinq şirkəti seçilib. Hələ mayın 1-də Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri Daşkənddə keçirilən görüşdə Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər. Müzakirələrin yekununda “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandum” imzalanıb. Memorandumun davamı kimi ilin sonunadək 3 ölkə “yaşıl enerji” dəhlizinə dair saziş imzalayacaq ki, bu sənəd beynəlxalq əhəmiyyətli hüquqi istinad olmaqla, Mərkəzi Asiya-Azərbaycan-Avropa formatının təsis edilməsini təmin edəcək.

Prezident İlham Əliyev avqustun 9 – da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə çıxışı zamanı deyib ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır: “Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır".

"Yaşıl enerji"nin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, milli enerji sənayelərinə yeni təkan verəcək. Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və nəqli sahəsində strateji tərəfdaşlıq haqqında Saziş layihəsinin mətni də artıq razılaşdırılıb. Bu sənədin yüksək səviyyədə imzalanması şübhəsiz ki, layihənin uğurla həyata keçirilməsinə kömək edəcək. Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri "yaşıl enerji"nin Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır. Belə ki, bu dəhlizlərə çıxış Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi resurslarının ixracı üçün bazarların şaxələndirilməsini təmin edə bilər.

Əslində, hər üç ölkənin bu sahədə əməkdaşlığı genişləndirməsi üçün imkanları yetərincədir. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpaolunan enerji potensialı 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Bu göstərici ölkəmizdə "yaşıl enerji"nin inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu deməyə əsas verir. Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün isə Qarabağ və Şərqi Zəngəzurun geniş potensial imkanları var. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji" zonası 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur.

Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin ilkin müşahidələrə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Sözügedən bölgələrdə artıq bir neçə su elektrik stansiyası inşa edilərək işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Tarix boyu mənəvi enerji mənbəyimiz olan Şuşa da artıq "yaşıl enerji" zonası mərkəzinə çevrilir. Bu gün 4 min meqavatlıq külək və Günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq bu qədim mədəniyyət paytaxtımızın seçilməsi də təsadüfi deyil. Artıq "yaşıl enerji" sahəsində imzalanan faktiki müqavilələr də var. BP şirkəti ilə birgə hazırlanmış plana əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə Günəş Elektrik Stansiyası tikiləcək. "Yaşıl Enerji Zonası" Konsepsiyası və Baş Planının hazırlanması məqsədilə Yaponiyanın bu sahədə ixtisaslaşmış TEPSCO şirkəti ilə müqavilə imzalanıb. Hazırda bu istiqamətdə işlər davamlı olaraq həyata keçirilir.

Qazaxıstana gəlincə  hazırda uran hasilatında lider olan qonşu ölkə günəş və külək stansiyaları tikmək üçün öz geniş çöllərindən istifadə edərək “yaşıl enerji” mərkəzinə çevrilməyi hədəfləyir. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat-saatdan artıq, Günəş enerjisi isə 1 trilyon kilovat-saatdır. Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə, 2050-ci ilə qədər isə 50 faizə çatdırmağı planlaşdırır.

Mərkəzi Asiyanın güclü iqtisadiyyata malik ölkəsi olan Özbəkistanda isə külək enerjisinin potensialı 520 qiqavat, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kilovat təşkil edir. Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 25 faizə çatdırmağı nəzərdə tutur.

Göründüyü kimi, üç qardaş ölkənin bərpaolunan enerji potensialları bölgədə yeni  “yaşıl enerji” dəhlizinin yaradılmasına zəmin yaradır və bu ölkələr Avropanı təmiz, etibarlı və sərfəli enerji ilə təmin edərək qitənin enerji keçidinin lokomotivinə çevrilə bilər.

Nigar Orucova, “İki sahil”