12 avqust 2024 13:38
396

Bakıda axtarışda olan keçmiş məhkum silahla saxlanılıb

Paytaxt ərazisində evlərdən birinin həyətinə etdiyi hüquqazidd əməldən yayınmaq məqsədi ilə naməlum şəxsin icazəsiz girdiyi barədə polisə məlumat daxil olub.

"İki sahil" DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs əvvəllər dəfələrlə məhkum olunmuş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd tapança aşkar olunaraq götürülüb. Davam etdirilən araşdırmalarla M.Məmmədovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11000 manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.