Bu kənd təsərrüfatı müəssisələri ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır
Azərbaycanda fəaliyyət göstərən aqroparklar ölkəmizin ərzaq təhlükəsizliyində və kənd təsərrüfatının inkişafında xüsusi çəkiyə malikdir. Belə ki, bu gün regionlarda 32 rayon üzrə 240 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 50-dən çox aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Bu kənd təsərrüfatı müəssisələrinin 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq, ikisi isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır.
Fermer təsərrüfatlarının idarə olunmasında, inteqrasiyasında, məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasında aqroaparklər əvəz olunmaz rola malikdir. Həmçinin onlar ixrac coğrafiyasının genişləndirilməsinə və nəhayət «Made in Azerbaijan» brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin edilməsinə müsbət təsir göstərir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur.
Son 5 ildə 25 aqroparka 184 milyon manatdan çox güzəştli kredit ayrılıb. Onlardan 26-na investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib. Bu müəssisələrdə ümumi olaraq 4500-dək daimi, 6300-dən çox isə mövsümü işçi çalışır. Həmin aqroparklardan 3-ü artıq Qarabağda və Şərqi Zəngəzurda fəaliyyət göstərir. O da məlumdur ki, Azərbaycanın ən məhsuldar torpaqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Məhz bu səbəbdən işğaldan azad olunmuş rayonlarda da yeni aqroparkların yaradılması, oradakı ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etmək dövlətimizin qarşısında duran mühüm məsələdir. Prezident İlham Əliyev bildirib ki, bütövlükdə azad edilmiş bölgələrin iqtisadi, kənd təsərrüfatı və turizm potensialı çox böyükdür: « Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq».
Məlumdur ki, işğaldan əvvəl Ağdam və Füzuli taxıl istehsalı sahəsində Qarabağda aparıcı rayonlardan olublar. Bu rayonların əsas hissələrinin uzun müddət işğal altında qalması onların potensialından istifadə etməyə imkan verməyib. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə 200 min tondan çox taxıl istehsalı mümkündür. Məhz ötən il işğaldan azad olunmuş və minalardan təmizlənmiş torpaqlarda əkilən taxıl sahələrindən minlərlə ton məhsul yığılmışdır.
Hazırda Azərbaycanda taxıla olan tələbatın 60 faizi yerli istehsal hesabına ödənilir, qalan 40 faizi isə idxal edilir. Ancaq dövlətin strateji hədəfində yerli ərzaqlıq buğda istehsalı ilə təminatı 80 faizə çatdırmaqdır. Buna görə də işğaldan azad edilmiş ənənəvi taxılçılıq rayonlarında əkin sahələrinin həcmini genişləndirməklə qarşıya qoyulan məqsədlərə çatmaq prioritet məsələdir.
Önəmli faktlardan biri də odur ki, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Dövlət tərəfindən qarşıya qoyulan əsas məqsəd növbəti 5 il ərzində Qarabağın və Şərqi Zəngəzurun bərəkətli torpaqlarını maldarlıq üçün istifadəyə qaytarmaqla ölkənin ətlə təminatını 100 faiz səviyyəsinə çatdırmaqdır. Ona görə ki, Laçının və Kəlbəcərin yaylaqları, geniş otlaq sahələri də artıq fermerlərin istifadəsinə verilib. İndi bu dağ rayonlarında onminlərlə böyük baş və xırdabuynuzlu heyvanlar saxlanılır.
Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqların aqrar potensialını qiymətləndirərkən demişdir ki, bu rayonlarda heyvandarlığın və əkinçiliyin çox böyük perspektivləri var: « Biz vaxt itirmədən artıq bir neçə ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik. Eyni zamanda, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq.»
Bütün bunlara rəğmən demək olar ki, bu gün Azərbaycan dövlətinin aqrar sahəyə diqqət və qayğısı bu istiqamətdə ciddi nəticələrin olacağına zəmanət verir. Xüsusilə 2023-cü ildən etibarən fermerlərə 5 il müddətində ərzaqlıq buğda istehsalına görə subsidiyaların verilməsi ölkənin taxıl ehtiyatlarını, ərzaq məhsullarının istehsalını artırmaq istiqamətində önəmli addımlardır.
Elçin Zaman, «İki sahil»
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb