Hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83, məşğulluqdakı payı isə 78 faizə yüksəlib
Ölkə iqtisadiyyatının inkişafının təməl prinsiplərindən biri də zəngin sahibkarlıq subyektlərinin formalaşdırılmasıdır. Sahibkar güclü iqtisadiyyat, çoxsaylı iş yeri, ərzaq bolluğu və bir sözlə, firavan həyat deməkdir. Sahibkar təkcə öz malının, mülkünün deyil, həm də Vətəninin sahibi olanda qüdrətli ölkənin vətəndaşına çevrilir.
Eyni zamanda o da həqiqətdir ki, hansı cəmiyyətdə azad və işgüzar sahibkarlar ordusu varsa, o cəmiyyət inkişafa meyilli, yaradıcı olur. Bu mənada, Azərbaycanda azad sahibkarlığın inkişafı üçün həm dövlət, həm də cəmiyyət tərəfindən lazımi şərait yaradılmaqdadır. Xüsusilə ölkədə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur. Azərbaycanda investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması və s. istiqamətlər üzrə reallaşdırılan tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Bunun nəticəsində hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83, məşğulluqdakı payı isə 78 faizə yüksəlib.
Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23 fəaliyyət növü üzrə lisenziyalar təqdim olunur. 2015-2023-cü illərdə Azərbaycanda sahibkarlara 15.000-dən çox lisenziya verilib ki, bunların da 4500-dən çoxu elektron lisenziya olub. Lisenziyalar iş adamlarına «Lisenziyalar və icazələr» portalı ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tabeliyində olan KOB evləri, «ASAN xidmət» mərkəzləri vasitəsilə təqdim edilir. Azad sahibkarlığın inkişafını təmin etmək məqsədilə ölkədə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 36-ya endirilib. Bununla yanaşı, lisenziyaların verilməsi müddəti 15 iş günündən 10 iş gününə endirilib, dövlət rüsumunun məbləği 2 dəfə, icazələrin sayı isə 4 dəfə aşağı salınıb.
Son illər ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri də əsassız yoxlamaların qadağan edilməsidir. Bu cür müdaxilələrin qarşısının alınması üçün bir sıra hallar istisna olunmaqla yoxlamalar 2015-ci ildən 2025-ci il yanvarın 1-nə qədər dayandırılıb. Ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması üçün görülən son tədbirlərdən biri uzun illərdən sonra Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Biznes sahəsində sağlam rəqabətin təmin olunması üçün hüquqi baza rolunu oynayan bu sənədin tətbiqi azad sahibkarlığın inkişafını təşviq edəcək, inhisarçı mövqedə olan şirkətlərin bazar payını tənzimləyəcək, sahibkarlıq subyektləri arasında münasibətləri daha şəffaf şəkildə formalaşdıracaq, kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələri aradan qaldıracaq.
Bundan əlavə, Vergi Məcəlləsi və «Gömrük tarifi haqqında» Qanunda müəyyən olunmuş güzəştləri əldə etməyə əsas verən investisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilirlər. Bu sənəd investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişləndirilməsinə imkan verir. Azərbaycan Prezidentinin 1 fevral 2024-cü il tarixli Fərmanına əsasən, sahibkarların 13 istiqamət üzrə strateji investisiya layihələrinə də investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulur.
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməklə özəl sektoru qeyri-neft iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevirməyi hədəfləyən Azərbaycan üçün kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə innovasiya yönümlülüyün gücləndirilməsi prioritet istiqamətlərdəndir. Azərbaycanda gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsal etmək istəyən mikro və ya kiçik sahibkarlıq subyektlərinə «Startap» şəhadətnamələri təqdim edilir. «Startap» şəhadətnaməsinə malik olan mikro və kiçik sahibkarlıq subyektləri Vergi Məcəlləsinə uyğun olaraq həmin sənədi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar. İndiyədək KOBİA tərəfindən 139 innovativ sahibkara «Startap» şəhadətnaməsi verib ki, bunun da nəticəsində ölkə istisadiyyatı üçün mühüm olan yeniliklər tətbiq edilir.
Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərini təkmilləşdirmək üçün Sahibkarlığın İnkişafı Fondu yeni biznes qurmaq və ya inkişaf etdirmək istəyənlərə güzəştli şərtlərlə kreditlər verir. 2004-2023-cü illərdə sahibkarlığa güzəştli kredit dəstəyi sayəsində maliyyələşdirilən layihələrin dəyəri 6,3 milyard manat olub. Bu müddətdə verilmiş kreditlərin məbləği 3,01 milyard manat, layihələrin sayı 45.669, güzəştlərdən yararlanan sahibkarların sayı 28.308, yeni iş yerlərinin sayı isə 176.213 olub.
İşğaldan azad edilmiş ərazilərdə iş qurmaq istəyən, qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün bu il fevralın 1-dən zəmanət və subsidiya mexanizmi tətbiq edilir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən icra olunan bu mexanizm azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək verəcək. Bu mexanizmə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir.
Sahibkarlara dəstək çərçivəsində onların istehsal etdikləri məhsulların xarici ölkələrə ixracına da dövlət səviyyəsində yardım edilir. Hazırda Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 100-dən çoxdur və bu coğrafiya getdikcə genişlənir. «Made in Azerbaijan» brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizm– dəstək tədbirləri həyata keçirilir. Bununla bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir. Qeyd olunanlarla yanaşı, yerli sahibkarların məhsulları müxtəlif beynəlxalq sərgilərdə vahid ölkə stendində nümayiş olunur.
Qeyd edək ki, ölkə sahibkarlarına dövlət dəstəyi bu ildə davam edib. Belə ki, cari ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 3252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verib. Fondun məlumatında bildirilir ki, verilmiş kreditlər hesabına 1764 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, SİF Azərbaycan Prezidentinin «Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında» 31 iyul 2018-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır. SİF sahibkarların güzəştli kreditlərlə maliyyələşdirilməsi çərçivəsində 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı ilə əməkdaşlıq edir.
Elçin Zaman, «İki sahil»