Azərbaycan bu qlobal layihədə də söz sahibidir
Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca yaradılan «vahid tarif», «vahid pəncərə» prinsipləri tətbiq olunur.
Önəmli məqam odur ki, Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu dəhliz ölkəmizin iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqədar fəaliyyətin gücləndirilməsi Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün öxyük önəm daşıyır.
Çinin «Bir kəmər, bir yol» layihəsinin bir hissəsi olan dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biri kimi dəyərləndirilir. Buna görə də Orta Dəhliz üzrə tranzit müddətinin bu il ərzində 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.
Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında Orta dəhlizin beynəlxalq əhəmiyyəti bir daha aydın göründü. Belə ki, dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində həyata keçirilən layihələrdən danışdı. Həmçinin çıxışında Xəzər dənizində respublikamızın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi kimi tədbirlərin Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırdığını vurğuladı.
Ölkə rəhbəri daha sonra ölkəmizin Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirdiyini, artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradıldığını bildirdi və həyata keçirilən «Rəqəmsal ipək yolu» layihəsinin rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəyinə əminliyini diqqətə çatdırdı.
Mərkəzi Asiya ölkələrinin rəhbərləri də Orta Dəhlizin bu dövlətlərin, eləcə də Avropanın inkişafına müsbət təsir göstərdiyini, yük tranzitinin sürətləndirməsində önəmli rol oynadığını bildirirlər. Qırğızıstan mətbuatının yaydığı məlumata görə, ölkənin xarici işlər naziri Jeenbek Kulubayev qurumun 2024-cü ilin birinci yarısında fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Rusiya dəhlizinin bağlanması ilə yüklərin Avropaya daşınması və tranziti xeyli çətinləşib. Hazırda bütün yüklər cənub dəhlizindən keçir, əvvəlcə İrana, oradan Türkiyəyə, daha sonra Avropaya, əks istiqamətdə isə analoji marşrutla göndərilir. Bununla belə, daşınma prosesini sürətləndirə biləcək alternativ yollar nəzərdən keçirilir. Onlardan biri Qazaxıstan, Türkmənistan, Azərbaycan və Qafqazdan keçən Orta Dəhlizdir.
J.Kulubayevin sözlərinə görə, bu layihələr avropalı tərəfdaşlar və Mərkəzi Asiya ölkələri ilə fəal şəkildə müzakirə olunur: «Tərəfdaşlar regionda daşıma prosesini asanlaşdırmaq və ticarəti artırmaq üçün bu istiqamətdə birgə işləməyə hazırdırlar. Bu, həm də uzaq tərəfdaşlardan investisiya cəlb etməyə imkan verə bilər. Belə bir platformanın istifadəsi həm Mərkəzi Asiya ölkələri, həm də bizim üçün faydalıdır, çünki vahid bazar kimi çıxış etməyə və regionun birgə inkişafına kömək etməyə imkan verir».
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev «Kazakhstanskaya Pravda» qəzetində dərc olunan məqaləsində regionun planetin ən mühüm nəqliyyat, logistika və tranzit mərkəzlərindən birinə çevrilmək üçün hər cür imkana malik olduğunu, Mərkəzi Asiyanın sürətlə qlobal nəqliyyat kommunikasiyalarının əsas həlqəsinə çevrildiyini bildirib. O, qeyd edib ki, hazırda region dövlətləri yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün digər perspektivli ideyalar irəli sürür: «Qazaxıstan öz tərəfdaşları ilə birlikdə Orta Dəhlizi fəal şəkildə inkişaf etdirir, bu marşrutla daşımaların həcmini ortamüddətli perspektivdə 5 dəfə artırmağı qarşıya mühüm vəzifə kimi qoyur. Qazaxıstanın dəniz infrastrukturunun – Çin və Mərkəzi Asiya ölkələrindən Cənubi Qafqaza, Türkiyəyə və oradan da Avropaya artan yük həcminin keçdiyi Aktau və Kurık limanlarını sürətlə inkişaf etdirir.»
İndi Orta Dəhlizin inkişafı çərçivəsində Kurık limanında dibdərinləşdirmə işlərinə başlanılıb. Qazaxıstan Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Kurık limanı akvatoriyasında dəniz dibinin 1,5-2 metr dərinləşdirilməsi planlaşdırılıb. Bu məqsədlə Avropanın «Jan de Nul» şirkəti ilə bağlanmış EPC müqaviləsi əsasında xüsusi dibdərinləşdirmə texnikası cəlb edilib. Müqaviləyə dibdərinləşdirmə işlərinin layihələndirilməsindən tutmuş «açar təhvili» üsulu ilə təhvil verilməsi daxil edilib. Hazırda Kurık limanının ötürmə qabiliyyəti 6 milyon tondur (dəmir yolu terminalı – 4 milyon ton, avtomobil terminalı – 2 milyon ton). Limanda eyni vaxtda 250 yük maşının saxlanması da mümkündür. Analoji işlərin Aktau limanında da aparılacağı nəzərdə tutulur.
Elçin Zaman, «İki sahil»