15 avqust 2024 18:35
923

Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti artır, çünki...- EKSPERT ŞƏRH EDİR

Bölgədə mürəkkəb geosiyasi vəziyyət fonunda nəqliyyat infrastrukturları, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, böyük əhəmiyyət kəsb edir. Bu dəmir yolu xətti, qitələr arasında yük daşımalarında alternativ yeni bir dəhliz rolunu oynayır. Son illər ərzində bu istiqamətdə əhəmiyyətli işlər görülmüş və dəmir yolunun buraxıcılıq qabiliyyəti 1 milyondan 5 milyon tona qədər artırılmışdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirdi.

Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti, infrastruktur və geosiyasi şəraiti barədə danışan ekspert qeyd etdi ki,  “BTKI Railways” MMC adlı birgə müəssisə işi səmərəli təşkili təmin etmək üçün bürokratiyanı minimuma endirərək prosedurları sadələşdirməyə yönəlmişdir: “Bu baxımdan, yaxın illərdə dəmir yolu xəttində müşahidə edilən pozitiv dinamikanın davam etməsi gözlənilir. Bu, təkcə Azərbaycanın deyil, həm də Qazaxıstan, Gürcüstan və Türkiyənin birgə səyi ilə əldə edilən komanda işinin nəticəsidir. Hər bir ölkə öz üzərinə düşən işləri görərək, dəhlizin daha çox yükü qəbul etməsi və ötürməsi üçün fəaliyyət göstərir”.

Ekspertin sözlərinə görə, son illərdə Rusiya-Ukrayna müharibəsi və Husilərin Qırmızı dənizə hücumu kimi hadisələr dünya logistikasında yeni risklər yaradaraq, alternativ marşrutların əhəmiyyətini artırmışdır. Lakin bu alternativ marşrutlar bütün yükü daşıya bilməz. Buna görə də, yük daşımalarının qəbul və ötürmə imkanlarının daha da genişləndirilməsi vacibdir.

Rauf Ağamirzəyev əlavə etdi ki, bu günə qədər görülən işlər böyük bir yük dövriyyəsindən müəyyən pay almağa yönəldilmişdir:  “Bölgədən keçəcək yüklərin həcminin artması gözlənilir. Son altı aya baxdıqda, yükdaşıma göstəricilərində müsbət artım müşahidə olunur. Bu artım, görülən işlərin nəticəsi olaraq daha böyük həcmlərin Azərbaycanın üzərindən keçməsini təmin edə bilər. Ancaq bu prosesdə yalnız Azərbaycan deyil, digər ölkələrin də bu yükü qəbul və göndərmə imkanlarına malik olması vacibdir ki, daha böyük həcmləri idarə etmək mümkün olsun”.

Nigar Orucova, “İki sahil”