Ekspert: Bakı-Tbilisi-Qars dəmir yolu qitələr arasında yük daşımalarında yeni alternativ dəhliz rolunu oynayır
Azərbaycan geostrateji mövqeyi və qlobal nəqliyyat dəhlizlərində oynadığı önəmli rolu ilə regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsinə və Orta Dəhlizin potensialının artırılmasına əhəmiyyətli töhfələr verməkdədir. Xüsusilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, Asiya və Avropa arasında ən qısa və effektiv marşrutlardan biri olaraq çıxış edir. Bu böyük nəqliyyat layihəsi, qədim İpək Yolunun müasir dünyada yenidən canlanmasına bənzəyir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, sanki uzaq ölkələri birləşdirən bir ip kimi Asiyadan Avropaya uzanır. Bu dəmir yolunun genişləndirilməsi və inkişafı, sadəcə iqtisadi faydalarla məhdudlaşmır. Bu, ölkələrin daha sıx əməkdaşlıq etdiyi, insanların bir-birinə daha yaxın olduğu, yeni imkanların yarandığı bir dünya yaradır. Yolun hər bir kilometri, regionun hərarətini və tarixini əks etdirir. Bakı-Tbilisi-Qars təkcə bir nəqliyyat marşrutu deyil, həm də sülhün, əməkdaşlığın və qarşılıqlı anlaşmanın simvoludur.
Bu baxımdan ölkəmiz regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının artırılmasında mühüm rol oynayacaq daha bir addım atıb.
Belə ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri arasında 13 avqust 2024-cü il tarixində “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb. Bu yeni müəssisə Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə əməliyyatların səmərəli idarə olunması və əlavə yüklərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərəcək. Birgə müəssisənin yaradılması 2007-ci il fevralın 7-də Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında imzalanmış sazişə əsaslanır. Bu saziş BTQ dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Kartsaxi (Türkiyə sərhədinə qədər) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarını əhatə edir. Sazişə əsasən, dəmir yolunun inşası başa çatdıqdan sonra bütün dəmir yolu infrastrukturunun istismarı və idarə edilməsi ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə cəmiyyətləri tərəfindən bərabər paylarla qurulmuş Birgə Müəssisəyə həvalə edilir. Müəssisə, həmçinin Gürcüstanın borc öhdəliklərinin ödənilməsi üçün vəsaitin toplanmasını təmin edəcəkdir.
2023-cü ildə ADY BTQ dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən və mürəkkəb coğrafi relyefə malik olan 184 kilometrlik hissəsində təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinə başlamışdır. Bu ilin yazında beş mərhələdən ibarət işləri uğurla başa çatdırmış və 20 may tarixindən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara yenidən start verilmişdir. Bu genişləndirmə işləri nəticəsində BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona qədər artırılmışdır.
BTQ dəmir yolunun istifadəyə verilməsi qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin və Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolu xətti daşımaların vaxtını iki dəfədən çox azaltmağa imkan verib. Bu yol, həmçinin Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. BTQ dəmir yolu Çinin “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının vacib bir hissəsinə çevrilmişdir və region ölkələri arasında siyasi, iqtisadi və sosial əlaqələrin inkişafına, sabitliyin təmin edilməsinə və dayanıqlı inkişaf təşəbbüslərinə əhəmiyyətli töhfələr verir.
Son dövrlərdə ADY tərəfindən BTQ dəmir yolu xəttinin genişləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks işlər daşımaların sürətini artırmağa, yüklərin təhlükəsizliyini təmin etməyə, çevik tarif siyasətini tətbiq etməyə və irimiqyaslı logistika və marketinq fəaliyyətlərini gücləndirməyə yönəldilmişdir. Nəticədə Azərbaycan ərazisindən daha çox tranzit yükün keçirilməsi məqsədinə nail olunmuşdur.
Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq nəqliyyat-tranzit sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirildiyini qeyd edərək, “Rəqəmsal İpək Yolu” layihəsinin rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəyini əlavə edib. Diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin genişləndirilməsi və Xəzər dənizində yeni gəmilərin sifariş edilməsi, Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artıracaq.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, bölgədəki mürəkkəb geosiyasi vəziyyət fonunda nəqliyyat infrastrukturları, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, böyük əhəmiyyət kəsb edir. Bu dəmir yolu xətti qitələr arasında yük daşımalarında yeni alternativ dəhliz rolunu oynayır. Son illər ərzində bu istiqamətdə əhəmiyyətli işlər görülmüş və dəmir yolunun buraxıcılıq qabiliyyəti 1 milyondan 5 milyon tona qədər artırılmışdır.
Rauf Ağamirzəyev qeyd edib ki, “BTKI Railways” MMC adlı Birgə Müəssisə bu səmərəli təşkili təmin etmək üçün bürokratiyanı minimuma endirərək prosedurları sadələşdirməyə yönəlmişdir: “Bu baxımdan, yaxın illərdə dəmir yolu xəttində müşahidə edilən pozitiv dinamikanın davam etməsi gözlənilir. Bu, təkcə Azərbaycanın deyil, həm də Qazaxıstan, Gürcüstan və Türkiyənin birgə səyi ilə əldə edilən komanda işinin nəticəsidir. Hər bir ölkə öz üzərinə düşən işləri görərək, dəhlizin daha çox yükü qəbul etməsi və ötürməsi üçün fəaliyyət göstərir”.
Ekspertin sözlərinə görə, son illərdə Rusiya-Ukrayna müharibəsi və Husilərin Qırmızı dənizə hücumu kimi hadisələr dünya logistikasında yeni risklər yaradaraq, alternativ marşrutların əhəmiyyətini artırmışdır. Lakin bu alternativ marşrutlar bütün yükü daşıya bilməz. Buna görə də yük daşımalarının qəbul və ötürmə imkanlarının daha da genişləndirilməsi vacibdir.
Rauf Ağamirzəyev əlavə edib ki, bu günə qədər görülən işlər böyük bir yük dövriyyəsindən müəyyən bir pay almağa yönəldilmişdir: “Bölgədən keçəcək yüklərin həcminin artması gözlənilir. Son altı aya baxdıqda, yükdaşıma göstəricilərində müsbət artım müşahidə olunur. Bu artım, görülən işlərin nəticəsi olaraq daha böyük həcmlərin Azərbaycanın üzərindən keçməsini təmin edə bilər.
Ancaq bu prosesdə yalnız Azərbaycan deyil, digər ölkələrin də bu yükü qəbul və göndərmə imkanlarına malik olması vacibdir ki, daha böyük həcmləri idarə etmək mümkün olsun”.
Nigar Orucova, “İki sahil”