22 avqust 2024 23:59
512

Qəhrəmanlıq salnaməsində adı olan igid

Dağlar diyarı Lerikdə dünyaya göz açan Birinci Qarabağ müharibəsi şəhidi Malik Sədaqət oğlu Bağışovun  keçdiyi qısa həyat yollu fədakarlıqla, mərdliklə, Vətənə məhəbbətlə  doludur.  Çünki o, 18 yaşında şərəfli ölümü ilə  qürur və heyrət  verici   bir tarix yazıb.  Xalqımızın igid, vətənpərvər oğlunun anadan olmasının 50-ci ildönümü münasibətilə xatirəsi yad edilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qəmbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri   Lerik şəhər qəbiristanlığında qəhrəman Vətən sevdalısı  Malik  Sədaqət oğlunun məzarını baş çəkib, önünə gül dəstələri düzüblər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov öz çıxışında Vətən naminə oddan, alovdan keçən  şəhidin döyüş və həyat yolundan bəhs edib. Həmçinin I Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən Müharibəsində, eləcə də antiterror əməliyyatlarında Lerik rayonundan olan cəsur oğulların rəşadətindən danışıb.  Şəhidin qardaşı Namiq Bağışov  Malikin  xatirəsinə göstərilən ehtirama görə rayon rəhbərinə və iştirakçılara ailə üzvləri adından minnətdarlığını bildirib.   

1974-cü ildə Lerik şəhərində ziyalı ailəsində dünyaya göz açan   Malik  Sədaqət oğlu erməni quldurların Azərbaycana iddialara başlayan vaxtdan namuslu bir Vətən övladı kimi dincliyini itirib. 10-cu sinfi bitirib, Bakı Maşınqayırma Texnikumuna daxil olsa da, öz yerini düşmənlə mübarizə meydanında görüb. Odur ki, 1992-ci ildə  təhsilini yarıda qoyub ön cəbhəyə yollanıb.  Qısa hərbi təlim keçdikdən sonra  yağıya qarşı vuruşa başlayıb.  Ağdamda, Füzulidə, Xocavənddə, Haramı düzündə qəzəblə, intiqam hissi ilə vuruşub və  düşmənə layiqli cavab verməyi bacarıb. 20 fevral 1992-ci ildə  qeyri-bərabər döyüşdə  son gülləsini düşmənin başına çaxmaqla  şəhidlik zirvəsinə ucalıb.

Bəli, şəhidlər ölməz onlar daim xatirələrdə  yaşayırlar. Azərbaycan xalqı  Malik  Sədaqət oğlunun zaman-zaman gələcək nəsillərə    örnək ömür yoluna  baxıb fəxr edərlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü