Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. Həmin ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirir, 1989-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı yaradılıb və iki il fəaliyyət göstərib. Lakin təəssüf ki, burada ciddi siyasi səhvə yol verilib. Şuşada yerləşən institutun Xankəndi filialı kimi deyil, Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi göstərilməsi hayların əlinə fürsət verib. 1988-ci ildə institut öz müstəqilliyini itirərək Ermənistanın Kirovakan İnstitutunun filialı adı altında tədricən yaranan separatçı xuntanın əlinə keçib. İşğal dövründə buradan saxtalaşdırma mərkəzi kimi istifadə olunub.
1991-ci ildə Xankəndi digər torpaqlarımız kimi işğal altına düşmüşdü. 2023-cü ilin 19 sentyabrında keçirilən 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Xankəndi də digər ərazilərimiz kimi işğaldan azad olundu. Cənubi Qafqazda situasiyanın Azərbaycanın lehinə dəyişməsi yenidən tarixi ərazilərimizi bizə qaytardı. Bu gün Xankəndidə artıq gorbagor olmuş separatçı xunta rejiminin verdiyi qərarlar deyil, Azərbaycan Prezidenti İlham Əliyevin Fərman və sərəncamları icra olunur. Böyük mütəfəkkirlərin yetişdiyi Qarabağın yenidən təhsil ocağına çevrilməsi regionun inkişafına da böyük təsir göstərəcək, yeni kadrların hazırlanması baxımından da xüsusi önəm daşıyacaq, yenidən tariximizə töhfələr verəcək. Bu baxımdan deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur təkcə tikinti işləri ilə deyil, həm də intellekt, elm-təhsil baxımından da bərpa olunur.
Ötən il dekabrın 15-də Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda göstərilir ki, Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır. Qarabağ Universiteti yenilikçi bir iqtisadiyyatın əsas lokomotivlərindən olmaqla yanaşı, ölkənin elmi və texnoloji inkişafına təsir göstərməsi, innovasiya sahəsində azad yer tutması, yüksəkixtisaslı kadrların hazırlanmasında, sosial-iqtisadi siyasətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.
Xankəndidəki Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Nazirlər Kabinetinin bu il fevralın 6-da təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə, Qarabağ Universitetinin idarə olunma qaydalarında bu ali təhsil müəssisəsinin ali idarəetmə orqanının Elmi Şura olması əksini tapıb.
Ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır.
İxtisaslar üzrə yeni məzmunlu təhsil proqramlarının hazırlanması işləri də davam etdirilir. Beynəlxalq təcrübəyə əsaslanmaqla müasir dövrün tələblərinə uyğun olaraq Qarabağ Universitetinin strukturu hazırlanıb və təsdiqlənib. Eyni zamanda, Qarabağ Universiteti tərəfindən ştat cədvəli təsdiq edilib və ilkin olaraq universitetdə zəruri vəzifələr üzrə təyinatlar aparılıb. Universitetin inzibati və elmi-pedaqoji kadr potensialının daha peşəkar formalaşdırılması üçün ardıcıl olaraq bir sıra vəzifələr üzrə vakansiya elanları verilib. Proqram rəhbərləri üçün vakansiya müraciətləri dəyərləndirilib və müvafiq komissiya tərəfindən müsahibələr keçirilib, hazırda həmin vəzifələrə təyinatlar aparılır.
Qarabağ Universitetinə xaricdə yaşayan azərbaycanlı alimlərin cəlb edilməsi ilə bağlı danışıqlar davam edir. Universitetin rektoru Şahin Bayramov bu alimlərin həm tədris, həm də elmi proseslərə dəstək vermək üçün universitetə qatılmalarının planlaşdırıldığını bildirib. Şahin Bayramov hal-hazırda xaricdə yaşayan bir çox Azərbaycanlı alimin daimi əməkdaş kimi universitetə cəlb edilməsi üçün müzakirələr aparıldığını vurğulayıb. "Qarabağ Universitetinin fəaliyyətində xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakının təmin edilməsi və onların dəstəyindən faydalanmaq, universitetimizin hər zaman prioritet məsələlərindən biri olacaq", - deyə rektor qeyd edib.
Rektor əlavə edib ki, ilkin mərhələdə elmi tədqiqat sahəsində mühəndislik istiqamətində laboratoriyaların yaradılması nəzərdə tutulur. Ş. Bayramovun sözlərinə görə, süni intellekt, fizika, kimya, robototexnika və informasiya texnologiyaları kimi ixtisaslara uyğun laboratoriyaların yaradılması planlaşdırılır. Hal-hazırda yalnız birinci kurs tələbələrinin təhsil aldığı nəzərə alınaraq, ilk mərhələdə bu tədris ilinin ehtiyacları prioritet kimi qəbul edilir. Növbəti mərhələlərdə isə ixtisasların tələblərinə uyğun olaraq daha peşəkar və müasir laboratoriyaların qurulması nəzərdə tutulub.
Elmi tədqiqat sahəsində mühəndislik istiqamətində laboratoriyaların yaradılması ilə yanaşı, Qarabağ Universiteti öz imicini gücləndirmək məqsədilə loqo, brendinq və promo məhsullarının hazırlanması işlərinə də diqqət yetirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər universitetin tədris və elmi potensialını artırmaqla yanaşı, Qarabağ Universitetinin tələbələrinə verilən imtiyazlarla da özünü göstərir. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd və kompüterlə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.
Məlum olduğu kimi, avqustun 22-də ali təhsil müəssislərinə qəbul müsabiqəsinin nəticələri açıqlanıb. Bu tədris ilində ilk dəfə qəbul aparılan Qarabağ Universitetinin nəzərdə tutulan plan yerləri tam dolub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu təhsil müəssisəsinin gələcək tələbələrinin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir.
Göründüyü kimi, Qarabağ Universiteti qısa müddətdə tələbələr arasında böyük nüfuz qazanıb və yüksək keyfiyyətli təhsil imkanları ilə cəlbedici bir təhsil mərkəzi kimi formalaşmağa başlayıb.
Nigar Orucova, “İki sahil”
BMT-nin Dəniz Təşkilatı Hormuz boğazında hücuma məruz qalan gəmilərin sayını açıqlayıb
Çin Ordusunun keçmiş Qərargah rəisi Mərkəzi Hərbi Şuranın tərkibindən çıxarılıb