Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyi “Ağ ölüm”lə mübarizə” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində narkomaniya bəlasından qorunmaq və bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən “Göz yaşı” adlı sosial video-çarx çəkilib.
Növbəti maarifləndirici tədbiri avqustun 23-də Bakı şəhəri, Xəzər rayon Gənclər evi sosial xidmət müəssisəsində həyata keçirən “Narkorizmlə Mübarizə” İctimai Birliyinin direktoru, layihənin kordinatoru Kənan Qubadzadə bildirib ki, layihənin 3 ay müddətində həyata keçiriləcək: “Əsas məqsəd maarifləndirici tədbirlər, hazırladığı video-çarxın sosial platformalar və media vasitəsi ilə cəmiyyəti “ağ ölüm”dən, narkomaniya bəlasından qorunması yönündə işlər görməkdir. Hazırlanan sosial video-çarx 5 dəqiqə ərzində həm səsli, həm də ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideynləri məsuliyyətli olmağa, narkotikdən və digər pis vərdişlərdən çəkinməyə çağırır. Sosial çarx mediada yayımlanacaq, “YouTube”də və digər sosial şəbəkələrdə paylaşılacaqdır”.
Tədbirdə iştirak edən Gənclər Evinin icraçı direktoru Gündüz Vəliyev, psixoloqlar Aynur Bünyatova və Elnarə Eyyubova çıxışlarında bildiriblər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.
Qeyd edək ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayılan narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir.
Qeyd olunub ki, narkomaniya eyni zamanda insanların sağlamlıqlarında ciddi problem yaradır. Bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı mübarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib.
Tədbir ərəfəsində rayonda gənclər arasında narkomaniyaya qarşı mübarizə tədbirlərini və maarifləndirmə işinə dəstək verən Gənclər Evinin icraçı direktoru Gündüz Vəliyevə və mərkəzin əməkdaşı Arzu Qarazadəyə təşəkkürnamələr təqdim edilib.
Cavid Əkbər, "İki sahil"