Azərbaycan regionda kifayət qədər nüfuza və sözə sahibdir. Bu ölkə Cənubi Qafqazda təhlükəsizliklə bağlı məsələlərin həlli istiqamətində ATƏT-in, Avropanın köməyinə ehtiyac duymur və bu məsələdə müstəqil siyasət yürütməkdə davam edir.
“İki sahil” xəbər verir ki, bu fikirləri “Özbəkistan və Azərbaycan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda avqustun 27-də Bakıda keçirilən tədbirə onlayn qoşulan Özbəkistanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Sancar Valiyev səsləndirib.
Ölkələrimiz arasında əlaqələrin tarixi kökündən, ortaq dəyərlərdən danışan S.Valiyev strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə çatmasından məmnunluğunu ifadə edib.
Beyin mərkəzinin rəhbəri Özbəkistanın və Azərbaycanın müxtəlif beynəlxalq platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində sıx əməkdaşlıq etdiklərini qeyd edib.
Vurğulayıb ki, iki ölkə arasında imzalanan yeni sənədlər əlaqələrimizi, əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracaq.