02 sentyabr 2024 10:36
359

Seçki məntəqələrində hər şeyin dinc şəraitdə keçdiyinin şahidi olduq - Efiopiyalı parlamentari

Müşahidəmiz zamanı seçki məntəqələrində hər şeyin dinc şəraitdə keçdiyinin şahidi olduq.

 

“İki sahil” xəbər verir ki, bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Efiopiya parlamentinin Nümayəndələr Palatasının komitə sədri Evebete Alene Yalev səsləndirib.

“Bizim əsas missiyamız Bakıda həyata keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyası bizə lazımi dəstəyi göstərib. Saat səkkizdən başlayan müşahidələrimiz zamanı məntəqələrdə hər şeyin dinc şəraitdə keçirildiyinin şahidi olduq. Onların fəaliyyətinə müdaxilə edən heç kəs yox idi. Müşahidələrimiz zamanı gördük ki, məntəqələrdəki səlahiyyətli şəxslər öz hüquqlarını yaxşı bilirlər, seçicilərə xoş davranaraq kömək edirlər. Səs verən şəxslər namizədlərini müdaxilə olmadan seçə bilirdilər. Məntəqələrdə hər hansı problem baş vermədi. Seçki dinc şəraitdə, sərbəst, azad və demokratik oldu. Bunu bütün məntəqələrlə bağlı demək mümkündür”, - deyə o əlavə edib.

Efiopiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən Evebete Alene Yalev deyib: “Biz Azərbaycan xalqına və hökumətinə uğurlar, inkişaf arzulayırıq”.