29 oktyabr 2024 09:56
347

COP29-la gələn yeni “yaşıl” perspektivlər

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabr ayında Azərbaycanın sədrliyi ilə Bakı şəhərində təşkili ölkəmizin həyatında əlamətdar hadisələrdən biridir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinə etimad göstərilməsini bir sıra digər məqamlar da şərtləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial–iqtisadi inkişaf və möhkəm ictimai sabitliyə nail olması ilə bağlıdır. Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra ölkəmizin dünyada daha güclü dövlət kimi tanınması da bu məsələdə önəmli rol oynayır.

Azərbaycanın COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini şərtləndirən amillərdən biri də respublikamızda müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviyyədə təşkili ilə bağlıdır. Bütün bunlarla bərabər, ölkəmizin ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çəkir. Bu, statistik göstəricilərdən də aydın gürünür. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının həcmini 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşıya mühüm vəzifə kimi qoyur.

Onu da bildirək ki, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

 Qlobal iqlim siyasətinə həsr olunmuş belə genişmiqyaslı tədbir Azərbaycan üçün həm beynəlxalq aləmdə, həm də ölkə daxilində bir sıra mühüm imkanlar açır.  Beynəlxalq tədbirin davam edəcəyi iki həftə ərzində Azərbaycanın paytaxtı qlobal istiləşmənin yaratdığı aktual problemləri müzakirə etmək üçün dövlət və hökumət başçılarını, müxtəlif beynəlxalq institutların, biznes, vətəndaş cəmiyyəti və media nümayəndələrini bir araya gətirəcək, Paris Sazişinin icrasını sürətləndirmək və uzunmüddətli iqlim məqsəd və strategiyalarını həyata keçirmək üçün zəruri tədbirlər hazırlayacaq nüfuzlu beynəlxalq platforma kimi çıxış edəcək.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və səhraların yaranması təkcə Azərbaycan üçün çətinliklər yaratmır. Bu, bütövlükdə bütün Xəzər regionu üçün ciddi problemdir. Bir neçə il əvvəl Qessen və Bremen universitetlərinin alman alimləri Utrext Universitetindən olan holland geoloqu Frank Vesselinqlə birlikdə Xəzər dənizinin səviyyəsinin bu əsrin sonuna qədər dəyişməsinin proqnozlaşdırıcı modelini yaratmışlar. Tədqiqatçıların müşahidələrinə görə, 1990-cı illərdən başlayaraq Xəzər dənizində suyun səviyyəsi hər il bir neçə santimetr aşağı düşür. Almaniya və Hollandiya alimlərinin hesablamalarına görə, 2100-cü ilə qədər Xəzər dənizində suyun səviyyəsi indikindən 9–18 metr aşağı olacaq. Bundan əlavə, Xəzər dənizi hövzəsinin sahəsi 23–34 faiz azalacaq. Bu, regionun ətraf mühitində, iqtisadiyyatında və siyasi sabitliyində bir sıra problemlər yaradacaq. Aydın məsələdir ki, temperaturun yüksəlməsi insanların sağlamlığı və sosial rifahı üçün də böyük təhlükə yaradır, ətraf mühitə ciddi mənfi təsir göstərir, çoxlu sayda heyvan və bitki növlərini yox olmaq təhlükəsi ilə üz-üzə qoyur.

Azərbaycanda qlobal istiləşmənin mənfi nəticələrinin yaratdığı problemləri daha çox ölkənin kənd təsərrüfatı sektoru hiss edir. İqlim dəyişikliyi səbəbindən ölkədə su ehtiyatları azalır, kənd təsərrüfatı torpaqlarının suvarılması problemi ciddi xarakter alır. Bu da təsadüfi deyil. Dünya Resursları İnstitutunun araşdırmalarına görə, Azərbaycan 2040-cı ildə ciddi quraqlıqla üzləşə biləcək ölkələr arasında 18-ci yerdədir. Bunun özü artıq çox ciddi bir siqnaldır.

Təbii ki, bu iqlim konfransının Bakıda keçirilməsi regionun bu kimi problemlərinin də ciddi müzakirəsinə və müvafiq qərarların qəbul edilməsinə gətirib çıxaracaq. Amma COP29-un Azərbaycan üçün faydalarını bununla məhdudlaşdırmaq doğru olmazdı. COP29-un Bakıda təşkili qlobal ekoloji problemlərin həllində fəal iştirak edən ölkə kimi Azərbaycana beynəlxalq imicini möhkəmləndirmək üçün unikal şans verəcək. Bu, Azərbaycana beynəlxalq iqlim məqsədlərinə sadiqliyini nümayiş etdirməyə və özünü dünya miqyasında məsuliyyətli oyunçu kimi göstərməyə yol açacaq.

Beynəlxalq tədbirin iqtisadi faydalarına gəldikdə isə onu xüsusi qeyd edək ki, COP29 Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı üçün katalizator ola bilər. Konfransda müzakirə olunan məsələlərin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan bu tədbirdən yararlanaraq bərpaolunan enerji, təmiz texnologiyalar və sənayenin modernləşdirilməsi ilə bağlı layihələrə investisiya yatırmaq imkanı qazanar.

Bütün bunlarla yanaşı, Bakı konfrans günlərində turist axınından, eləcə də mehmanxana, restoran və nəqliyyat sektorlarına artan tələbatdan iqtisadi cəhətdən faydalana biləcək. Belə beynəlxalq tədbirlər işgüzar dairələrin diqqətini tez-tez cəlb edir və bu da uzunmüddətli investisiyalar üçün əlavə imkanlar yaradır.

COP29 ölkənin iqlim siyasəti və ekoloji təşəbbüslərinin irəli sürülməsində də əhəmiyyətli rol oynayacaq. Azərbaycan artıq karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinə keçid istiqamətində ciddi addımlar atır. COP29-a ev sahibliyi etmək ölkəyə ekologiya və iqlim sahəsində öhdəliklərini gücləndirməyə, həmçinin bu layihələrin həyata keçirilməsi üçün beynəlxalq dəstək almağa imkan verəcək.

COP29-un Azərbaycanı günəş və külək enerjisi potensialından, xüsusilə enerjinin şaxələndirilməsi kontekstində daha fəal istifadə etməyə sövq edəcəyi də istisna deyil. COP29 müddətində iqlim və ekologiya sahəsində regional əməkdaşlıq üçün mühüm platformaya çevriləcək Azərbaycan sonrakı mərhələdə Qafqaz və Mərkəzi Asiya ölkələrinin vahid iqlim strategiyasının hazırlanması üzrə səylərinin əlaqələndirilməsində əsas rol oynayacaq və bu, regional lider kimi ölkəmizin geosiyasi mövqelərini gücləndirəcək.

Yaqut Ağaşahqızı,”İki sahil”