Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq
Azərbaycana qarşı qərəzli münasibəti ilə tanınan, ermənipərəst mövqelərini gizlətməyən bəzi beynəlxalq qurumlar, xüsusilə də erməni lobbisi ilə sıx işbirliyində olan Avropa Parlamenti də öz anti-Azərbaycan xislətini bütün mənfi çalarları ilə nümayiş etdirməyə qərar verib. Bu üzdəniraq qurumun oktyabrın 24-də qəbul etdiyi qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı fəaliyyət göstərən müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların, təzyiq alətlərinin toplanaraq bir sənəd formasında tərtib olunması məhz bunu deməyə əsas verir. Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir. Eyni zamanda, Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyillərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.
Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, Qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqında bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlləri Azərbaycan xalqının qanına batmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə, sadəcə, hiddət doğurur.
Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Təəssüf ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirərək Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər.
Bu qətnaməni Avropa Parlamentində dərin kök salmış korrupsiyanın və rüşvətxorluğun ağır fəsadları kimi qiymətləndirsək hər halda,yanılmarıq. Fransanın, Ermənistanın və erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş bu qətnamə əslində əldə olunmuş maddi mənfəətin qarşılığıdır.
Hansısa bir erməninin Qarabağdan könüllü köçüb getməsinə görə ciddi “narahatlıq” keçirən Amerika rəsmiləri, xüsusilə konqresmenləri 30 il erməni separatçılarının darmadağın etdiyi Qarabağın bərpasına, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə ötən 4 il ərzində heç bir vəsait, yardım ayırmayıb. Əslində müharibədən, işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycana beynəlxalq birlik, xüsusilə Qərb dövlətləri və təsisatları ciddi yardım göstərməlidirlər. Çünki Ermənistan beynəlxalq cinayət törədərək işğal dövründə ərazilərimizdə hər şeyi məhv edib. Həmin ərazilərin bərpası üçün milyardlarla dollar vəsait tələb olunur. Lakin humanizmdən danışan Qərb ölkələri, xüsusilə ABŞ ölkəmizə bu məsələdə də heç bir kömək etmir. Əksinə, ABŞ konqresmenləri könüllü surətdə Qarabağı tərk edən ermənilərə yardım üçün canfəşanlıq edir, işğaldan əziyyət çəkən Azərbaycanı isə sanksiyalarla hədələyirlər. Bunun adı isə riyakarlıq, ikiüzlülükdür.
Bütün bunlara baxmayaraq, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti beynəlxalq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrlik və BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük kimi dövlət başçısının xarici siyasətdə ən böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlətimizin başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.
Şəmsiyyə Əliqızı, “İki sahil”