10 noyabr 2024 10:24
252

Azərbaycan Türk Dünyasının inkişafına mühüm töhfələr verir

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 11-ci Zirvə Toplantısı keçirilib. İclasın əsas mövzusu “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” olub ki, bu da təşkilata daxil olan dövlətlərin  sürətlə artan imkanlarını əks etdirir. Ölkələrin liderləri çoxtərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə etmiş, aktual məsələlərə dair mühüm qərarlar qəbul olunmuş  və bir sıra çoxtərəfli sənədlər, o cümlədən sammitin yekun Bəyannaməsi imzalanmışdı. Növbəti sammitin Azərbaycanın paytaxtında keçirilməsi də razılaşdırıldı. Qeyd etmək lazımdır ki,  bu gün Azərbaycan türk dünyasının mühüm iqtisadi və siyasi mərkəzi kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatında əsas rol oynayır. Strateji-coğrafi yerləşmə və əhəmiyyətli enerji resursları ölkəmizi Azərbaycanı TDT çərçivəsində inteqrasiya proseslərinə fəal dəstək verən dayanıqlılığın möhkəmləndirilməsinə və regionun enerji təhlükəsizliyinin təmin edilməsinə kömək edən dayağa çevirir. Zirvə toplantısında çıxış edən dövlətimizin başçısı türk birliyi ideyalarına sadiqliyini və birgə təşəbbüslərin daha da inkişaf etdirilməsini vurğuladı: “ Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”. Prezident İlham Əliyev Türk dünyasının birləşməsi,   təşkilatlanması, daha da güclənərək iqtisadi və siyasi güc mərkəzinə çevrilməsi üçün  mühüm işlər görür. O, bu fəaliyyətini  sistemli şəkildə, reallıqları nəzərə alaraq, müdrik uzaqgörənliklə həyata keçirir. Azərbaycan bundan sonra da Təşkilatın inkişafına yönəlmiş səylərini davam etdirəcəkdir. Dövlət başçısı İlham Əliyev bildirib ki: “Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”. O, həmçinin, vurğulayıb ki: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır”.

Həqiqətən də bu aspektlərin türk dövlətləri ilə gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Və bunlar sadəcə sözlər deyil. Prezident İlham Əliyev son illərdə TDT  üzv dövlətlərə və müşahidəçi ölkələrə çoxlu səfərlər edib. Qardaş dövlətlərin rəhbərləri də bu müddət ərzində dəfələrlə Azərbaycana səfər etmişlər, Azərbaycan da öz növbəsində bir çox məsələlərdə, xüsusən dövlətimizin ərazi bütövlüyünün bərpası məsələsində həmişə türk ölkələrinin dəstəyini hiss etmişdir. TDT üzv olan bütün ölkələr həmişə torpaqlarımızın Ermənistan tərəfindən işğalını pisləmiş və Azərbaycanı dəstəkləmişlər. Məlumdur ki, Türk Dövlətləri Təşkilatına  üzv olan bir sıra ölkələr həm də Gömrük İttifaqı, Aİİ və KTMT-nin üzvüdür. Və biz dəfələrlə şahidi olmuşuq ki, bu birlik və təşkilatlara üzv olmayan Azərbaycanın nüfuzu təmin təşkilatın  üzvü olan Ermənistanın nüfuzundan qat-qat yüksəkdir. Bu, ölkəmizin xarici siyasətinin, o cümlədən, TDT sıralarında əlaqələrin möhkəmləndirilməsinə diqqətin yönəldilməsi baxımından düzgünlüyünün etirafıdır.

Onu da qeyd etmək yerinə düşər ki, bu gün türk ölkələri iqtisadi, hərbi, mədəni yüksəlişdədir və artıq bir çox böyük dünya oyunçuları türk ölkələrinin birləşməsinin nəzərə alınmalı olduğunu dərk edirlər. Düzdür bu onların maraqlarına ziddir. Lakin mövcud reallıq budur. Və bu təşkilat 15 il ərzində inkişaf edərək hazırda yeni bir siyasi mərkəzə çevrilir. Bu həm də bir fürsətdir.   Məsələn, Sammitdə Macarıstanın baş nazir Viktor Orban da iştirak edirdi.  Macarıstan Avropa dövlətidir və lakin bununla yanaşı, TDT-da böyük perspektivlər görür. İnamlı xarici siyasət yürüdən Azərbaycan Mərkəzi Asiya ölkələrinin əsas dostlarından və yaxın müttəfiqlərindən biridir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olmaqla Türk Dünyası daha da güclənəcək və birləşəcəkdir.

 Türk dünyası dövlətləri arasında əməkdaşlıq deklarativ xarakter daşımır, bu həm də türk dövlətlərinin inkişaf etməkdə olan hərbi-siyasi və iqtisadi birliyinin göstəricisidir. TDT üzvlərinin qarşısında yüklərin tranzitinin genişləndirilməsi, yeni nəqliyyat marşrutlarının və dəhlizlərinin yaradılması, regional təhlükəsizliyin təmin edilməsi və hərbi təcavüz və terror təhlükəsi zamanı qarşılıqlı dəstək ilə bağlı irimiqyaslı vəzifələr durur. Həmçinin, Zirvə görüşündə,  TDT üzvləri iqtisadi və müdafiə məsələlərindən əlavə, ümumi qüvvələri yaşıl enerjinin inkişafına, quraqlığa və iqlim dəyişikliyinə qarşı mübarizəyə vədigər məsələlərə diqqət çəkdilər,təkliflər verdilər. Bir neçə gündən sonra Bakıda BMT-nin iqlim konfransı COP29 başlayır. Türk dünyası üçün bu beynəlxalq  səviyyəli tədbirin böyük əhəmiyyəti var. Axı, konfrans türk dövlətində təşkil olunacaq və Azərbaycan türk dünyasının flaqmanlarından biridir. Bişkek  sammiti öz növbəsində türk dünyasının tərəqqiyə doğru sabit kursunun və vahid türk ailəsi kimi gələcəyə birgə hərəkət etmək üçün ortaq qərarın mövcudluğunun daha bir sübutudur.

Sammitdə yaranmaqda olan yeni dünya kontekstində Türk Dövlətləri Təşkilatının  mühüm perspektivləri və  qarşıdakı vəzifələr müəyyən edildi, qərarlar qəbul olundu. Bu, Bişkek Zirvə görüşünün əsas geosiyasi nətəcəsi idi.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor