Vyetnamlı iqlim fəalı Le Nguyen Bao Nqok noyabrın 13-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında çıxış edərək cənub-qərbi Vyetnamda Mekonq deltası ekosisteminin problemlərindən danışıb.
“İki sahil” xəbər verir ki, gənc fəal iqlim dəyişikliyinin quraqlığa səbəb olması və dəniz suyuna təsir etməsinin insanların və bu su ehtiyatlarından asılı olan ekosistemlərin həyatına təhlükə yaratdığını vurğulayıb. Duzluluq səviyyəsinin yüksəlməsi və çəltik sahələrini suvarmaq üçün şirin suyun olmaması səbəbindən fermerlər məhsullarını itirir və yerli əhali ərzaq qıtlığı ilə üzləşir.
Çətinliklərə baxmayaraq, fermerlər təcrübə və müasir texnologiyanın köməyi ilə yeni şəraitə uyğunlaşaraq heyrətamiz mətanət nümayiş etdirirlər.
Bao Nqok qeyd edib ki, iqlim böhranı ilə mübarizədə əsas addım davamlı kənd təsərrüfatı təcrübələri yaratmaq üçün elmi tədqiqatları yerli əhalinin təcrübələri ilə birləşdirməkdir.
O, iqlim problemi ilə üzləşən fermerləri və yerli icmaları dəstəkləmək məqsədilə qlobal fondun yaradılmasına çağırıb, habelə bu problemlərin həllinin ərzaq təhlükəsizliyi və davamlı inkişaf üçün vacib olduğunu vurğulayıb.