14 noyabr 2024 11:25
194

Azərbaycana böyük etimadın təsdiqi

“Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu xarici siyasətinin əsas tərkib hissəsi olan iktərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında, ev sahibliyi etdiyi tədbirlərin davamlılığında özünün aydın ifadəsini tapır. Ötən ilin dekabrından Azərbaycan dünyanın diqqətindədir. Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edildiyi ilk günlərdən ölkəmiz hazırlıq işlərinə başladı. Bu qərar Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin təqdimatı oldu. Noyabrın 11-22 tarixlərini əhatə edən COP29 Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq imkanlarının təqdimatında əhəmiyyətli rol oynayacaq. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti, 13-də isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Dövlətimizin başçısı İlham Əliyevin hər iki sammitdə çıxışı özündə bütün məqamları ehtiva etdi. Prezident İlham Əliyev bu ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu hədəfi qarşıya qoydu ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Dünyanı narahat edən, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar problemlərin həllində daha fəal olacağıq. Eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində cənab İlham Əliyev beynəlxalq gündəlikdə duran mühüm məsələlərdən birinə – neokolonializm və iqlim dəyişmələrinə diqqəti yönəltdi. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz ərazilərinin iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğunu, artan dəniz səviyyəsinin, kəskin hava şəraitinin və biomüxtəlifliyin pozulmasının bu regionlara ciddi təhlükə yaratdığını, həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu diqqətə çatdırdı. Cənab İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin daha da gücləndirilməsi, səylərin birləşdirilməsi əsas məsələ kimi qarşıya qoyulur”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, dünyanı Bakıya toplayan COP29 Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələrə, eyni zamanda, bu sahədə təcrübəsinə işıq salır, yeni əməkdaşlıq formatlarının, körpülərin yaradılması fonunda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağın mümkünlüyünü açıqlayır: “COP29-un Liderlər Sammitindəki çıxışlarda bir daha bu çağırış səsləndirildi ki, indiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq. İtki və Zərər Fondunu, COP29 maliyyə fondunu təmin edən bir sammit olaraq da əmin olmalıyıq ki, lazımi vəsait ən çox ehtiyac duyan insanlara çatacaq. BMT-nin Baş katibi Antonio Quterreş belə bir əminliyi ifadə etdi ki,  dövlət başçısı İlham Əliyevin  səyi nəticəsində uğurlu bir COP-a imza atacağıq. Antonio Quterreş, həmçinin bu çağırışı etdi ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Buna birlikdə nail olacağımıza əminik”.

Malik Həsənov Şimal ilə Cənub, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycanın coğrafi mövqeyindən, ölkəmizin müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaratmasından geniş bəhs edib: “Dövlətimizin başçısı İlham Əliyev Liderlər Sammitindəki çıxışında  COP29-un sədri kimi Azərbaycanın  inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini bildirdi. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar Azərbaycanın  iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola biləcəyinə əsas verir. Ölkəmiz çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda,  mədəniyyətlərarası dialoqda fəal rol oynayır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Azərbaycan iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir. Multikulturalizm dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır”.

Millət vəkili ölkəmizin beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrinin davamlı olduğunu qeyd edib: “COP29 bir daha bu uğurlarımızı dünyaya təqdim edəcək. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməklə  beynəlxalq münasibətlər sistemində rolunu daha da artırır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Ölkəmiz bu sahədə böyük potensiala malikdir və yeni əməkdaşlıq formatlarının yaradılması ilə bağlı çağırışlarını atdığı addımları ilə təsdiqləyir. Bu günədək imzalanan sənədlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev sözügedən sammitdəki çıxışında bu rəqəmləri açıqladı ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını  etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq.  Azərbaycan, həmçinin ixrac bazarlarına diqqət yetirir və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşları ilə  fəal çalışır. Yaşıl gündəliyimiz  Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib. Dövlətimizin başçısı Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolundan geniş bəhs etdi”.

Malik Həsənov düşünülmüş və məqsədyönlü siyasət nəticəsində yaradılan möhkəm təməlin Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracağını, ölkəmizin  beynəlxalq tədbirlər üçün ideal məkan kimi yerini  daha da möhkəmləndirəcəyini bildirib: “196 ölkədən  72 min iştirakçının qatıldığı COP29 Azərbaycanın növbəti uğur hekayəsi olacaq. Bu iştirakçılar  sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Bu, Azərbaycana, dövlət başçısı İlham Əliyevə böyük etimadın göstəricisidir. Dünya liderlərinin COP29-dan daha böyük gözləntiləri də Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dayanıqlı inkişafa  malik olmasından irəli gəlir. COP29 nəticələri ilə hələ uzun illər dünyanın diqqətində olacaq”.