Türk dünyasının birliyinin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritetdir. Noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü Azərbaycanın bu birliyə töhfələrinin təqdimatında əhəmiyyətli rol oynadı. Qürurvericidir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq Azərbaycanla, onun Prezidentinin yürütdüyü siyasətlə bağlı səmimi, reallığı özündə əks etdirən fikirlər səsləndirilir, uğurlarımız təqdir edilir. Bişkek Zirvə görüşü bu baxımdan da xüsusi diqqət çəkdi.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında “Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm. Həmçinin Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyinə görə Qazaxıstanı təbrik edirəm. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir” söyləyərək onu da qeyd etdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.
Azərbaycanın türkdilli dövlətlərlə iqtisadi əlaqələri yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu məqamı xüsusi vurğuladı ki, son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Onu da qeyd edək ki, Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin təməlini Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və ardıcıl səyləri təşkil edir. Müstəqillik dövrünün ilk illərində Azərbaycan qarşılıqlı hörmət və etimada əsaslanan xarici siyasət kursunu formalaşdırarkən, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə xüsusi diqqət ayırdı. Bu çərçivədə, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Qırğızıstana səfəri böyük əhəmiyyət kəsb etdi və iki ölkənin münasibətlərinin inkişafında unudulmaz bir səhifə açdı. Bu səfər yalnız iki ölkə arasında diplomatik əlaqələrin möhkəmlənməsi ilə deyil, həm də Azərbaycan və Qırğızıstan xalqları arasında dostluğun gücləndirilməsi, mədəni və tarixi bağların daha da möhkəmlənməsi baxımından əlamətdar oldu. Səfər zamanı aparılan danışıqlar çərçivəsində qarşılıqlı əməkdaşlığın iqtisadi, siyasi və mədəni sahələrdə genişləndirilməsi üçün addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin Qırğızıstanda keçirdiyi görüşlər, xalqlarımızın yaxın tarixə malik ortaq dəyərlərə və əlaqələrə sahib olması faktını bir daha təsdiq edərək, Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişafının əsasını qoydu. Hazırda Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycanı tarixi Zəfərinə, suverenliyinin tam bərpasına qovuşduran dövlətimizin başçısı İlham Əliyev türk dünyasının birliyinə, türk dövlətləri arasında əlaqələrin inkişafına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin uzaqgörən yanaşması və ardıcıl səyləri nəticəsində Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə daha yüksək səviyyəyə çatıb. Prezident İlham Əliyevin 2022-ci ildə Qırğızıstana etdiyi ilk dövlət səfəri, hər iki dövlət arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini daha da gücləndirdi. Bu səfər zamanı imzalanan mühüm sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edib. Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarov arasında qarşılıqlı inam və etimada əsaslanan dostluq münasibətləri bu əlaqələrin inkişafını sürətləndirməkdə mühüm rol oynayır. Bu şəxsi münasibətlər yalnız ikitərəfli əlaqələrin deyil, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də sıx əməkdaşlığın inkişafına təkan verir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak məqsədilə Qırğızıstana növbəti səfəri ölkələrimizin münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir. Bu səfər iki ölkə arasında həm ikitərəfli, həm də regional əməkdaşlığın genişlənməsi üçün strateji əhəmiyyətə malikdir və qarşıdakı illərdə dostluq əlaqələrinin daha da dərinləşəcəyinə zəmin yaradır. Azərbaycan Prezidentinin bu səfəri, eyni zamanda, Türk dünyasında birliyin güclənməsinə verilən əhəmiyyətin göstəricisidir.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri