COP29 çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Yaşıl Zonada “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbir keçirilib.
"Bakı Fond Birjası" QSC-nin (BFB) idarə heyətinin sədri Ruslan Xəlilov, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays, “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) icraçı direktoru, dayanıqlılığın idarə edilməsi departamentinin baş direktoru Hiroko Yano, AIFC Yaşıl Maliyyə Mərkəzinin baş direktoru Manas Gizdhuaniyevin iştirak etdiyi panel müzakirəsində mövcud problemlərlə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim fəaliyyətinin sürətləndirilməsi, bu istiqamətdə maliyyə dəstəyinin artırılması və optimallaşdırılması, bu sahədə strateji əməkdaşlıq yolları müzakirə edilib.
Tədbirdə bu regionlarda iqlim maliyyəsinin mövcud vəziyyəti və gələcək potensialı araşdırılıb. Dayanıqlı investisiya, dövlət-özəl tərəfdaşlığı və beynəlxalq əməkdaşlığa diqqət yetirən bu sessiyada iqlim dayanıqlılığı və adaptasiyanı dəstəkləmək üçün mövcud olan maliyyə mexanizmləri vurğulanıb.
COP 29-un partnyoru və Azərbaycanın aparıcı konqlomeratlarından biri kimi "Paşa Holdinq" dünya liderləri və maraqlı tərəflərlə təcrübə mübadiləsi aparmaq,dəyərli əməkdaşlıq imkanlarını araşdırmaq və daha firəvan və davamlı dünya uğrunda irəliləməkdə maraqlıdır.
Orxan Vahidoğlu, "İki sahil"