14 noyabr 2024 12:34
112

INTOSAI və Hesablama Palatasının təşkilatçılığı ilə ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib FOTO

Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçirilib.

Tədbirdə Braziliya, Finlandiya, Kanada və s. ölkələrin Ali Audit Orqanlarının (AAO) və Avropa Auditorlar Məhkəməsinin nümayəndələri ilə yanaşı, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. qurumların təmsilçiləri, habelə dövlət orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

İlk olaraq tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov salamlama nitqi ilə çıxış edib. O qeyd edib ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma üçün fəaliyyətlərin icrası əhəmiyyətli maliyyə, o cümlədən dövlət vəsaitlərin ayrılmasını tələb edir. Bu isə həmin vəsaitlərin məqsədyönlü istifadəsinin, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində AAO-ların iştirakını vacib edir. 

COP29 çərçivəsində keçirilən tədbirdə Hesablama Palatasının sədri iqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı çıxan əsas çağırışları səsləndirib. O bildirib ki,
onların bir hissəsi audit institutu ilə, bir hissəsi isə auditin keçirildiyi mühitlə əlaqəlidir və bunların əksəriyyəti bütün ölkələrin AAO-ları üçün aktualdır. Sədr əsas çağırışlar arasında
✓ iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsindəki problemləri,
✓ iqlim maliyyəsi ilə bağlı yaxşı hesab olunacaq təcrübə sayının azlığını,
✓ yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsini;
✓ iqlimlə bağlı audit standartlarının inkişaf mərhələsində olmasını,
✓ auditorlarda bu sahə üzrə xüsusi bilik və bacarıqlara yiyələnməklə bağlı ehtiyacı,
✓ audit proseslərinə Dayanıqlı İnkişaf Məqsədlərinin daxil edilməsi şəraitində hökumət əsaslı auditlərin sayının artımı üçün zərurətin yaranmasını xüsusi vurğulayıb.
Eyni zamanda, sədr çıxışında İqlim skaneri barədə qısa məlumat verərək bu təşəbbüsün həm milli, həm də beynəlxalq müstəvidə müsbət nəticələr verəcəyinə inandığını bildirib və bunun üçün beynəlxalq AAO cəmiyyətinin birgə daha təsirli fəaliyyətlərinin zəruri olduğunu qeyd edib.
Tədbir Avropa Auditorlar Məhkəməsinin üzvü Kalus-Heyner Lehnenin nitqi ilə davam edib.
Sonra Braziliya Federal Hesablama Məhkəməsinin nümayəndəsi Hüqo Çudison İqlim Skaneri alətinin ilkin qlobal nəticələrini açıqlayıb. O bildirib ki, milli hökumətlərin iqlim ilə bağlı gördüyü tədbirləri qiymətləndirmək üçün 240 yoxlayıcıya bu sahədə təlimlər keçirilib. Qeyd olunub ki, indiyə qədər öz hökumətlərinin kənar auditoru qismində fəaliyyət göstərən 141 AAO İqlim Skaneri təşəbbüsünə cəlb edilib və 61-i qiymətləndirməni hazırkı tarixə yekunlaşdırıb.
Daha sonra Mozambik AAO-nun nümayəndəsi tərəfindən İqlim Skaneri qiymətləndirilməsinin real təcrübəsi (Mozambik AAO-nun fəaliyyəti timsalında) təqdim edilib.
Tədbir Kanada, Hindistan,  Maldiv  AAO-nun və Avropa Auditorlar Məhkəməsinin nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirələr ilə davam edib. Panel müzakirələrdə AAO-ların təcrübələri və qiymətləndirmə alətindən öyrəndikləri dərslər, eləcə də milli səviyyədə effektiv iqlim idarəçiliyinin və hesabatlılığın təkmilləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.
Tədbir INTOSAI-ın İnkişaf Təşəbbüsü, BMT İnkişaf Proqramının təmsilçilərinin yekun qeydləri və INTOSAI-a sədrlik edən Braziliya Federal Hesablama Məhkəməsinin vitse-prezidenti Vital do Reqonun qapanış nitqi ilə tamamlanıb.

Yaqut Ağaşahqızı, “İki sahil”