14 noyabr 2024 12:53
105

UNEP COP29 iştirakçılarını azot oksidi emissiyalarını azaltmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) nümayəndələri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) atmosferə atılan azot oksidi (N₂O) emissiyalarının təhlükəsi ilə bağlı hesabat açıqlayıblar.

“İki sahil” xəbər verir ki, “Azot oksidi emissiyalarının qlobal qiymətləndirilməsi” adlı hesabatda qeyd olunur ki, bu qazın istixana effekti karbon qazından (CO2) xeyli yüksəkdir.

UNEP ekspertləri belə qənaətə gəliblər ki, qida sektoru da daxil olmaqla, vaxtında görülən hərtərəfli tədbirlər sayəsində Yer kürəsində N₂O emissiyaları 2020-ci il səviyyəsi ilə müqayisədə ən azı 40 faiz azaldıla bilər.

UNEP-in qlobal təşəbbüsü - İqlim və Təmiz Hava Koalisiyası (CCAC) Katibliyinin rəhbəri Martina Otto qeyd edib ki, N₂O emissiyaları təhlükəsi ilə bağlı hesabat son 10 ildə beynəlxalq səviyyədə hazırlanmış ilk analoji sənəddir.

Onun sözlərinə görə, hesabat müəllifləri digər qazlarla yanaşı, azot oksidinin insan sağlamlığına zərərinə diqqət yetirib, həmçinin bu təhlükə ilə mübarizə üsullarından danışıblar.

O, UNEP ekspertlərinin qiymətləndirmələrinin həm alimlər, həm qeyri-hökumət təşkilatlarının nümayəndələri, həm də siyasətçilər tərəfindən nəzərə alınacağına ümid etdiyini bildirib.

Katibliyin rəhbəri, həmçinin COP30 sessiyası üçün atmosferə qeyri-oksigen emissiyaları mövzusunda daha əsaslı UNEP hesabatının hazırlandığını elan edib.

Onun sözlərinə görə, N₂O dünyada ümumi istixana qazları emissiyasının cəmi beş faizini təşkil etsə də, bu gün əminliklə deyə bilərik ki, bu qaz Yerin ozon təbəqəsinin azı 10 faizini məhv edir.

CCAC nümayəndələri hesab edirlər: “Azot oksidi emissiyalarına qarşı ciddi addımlar atılmadan qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq mümkün deyil. Əgər bəşəriyyət N₂O emissiyalarında 60 faiz azalma əldə etsə, bu, havanın çirklənməsini 200 milyard ton karbon dioksid həcmində azaltmağa bərabər olacaq. Belə bir addım həm də dünyada dəri xərçəngi hallarının 10 faiz azalmasına gətirib çıxaracaq”.