16 noyabr 2024 13:58
152

Azərbaycan konstitusiyası vətəndaşların hüquq və azadlıqlarını təmin edən Ali Qanunumuzdur

Böyük dövlət xadimi, xalqımızın Ümummili Lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqillliyini yeni qazanmış dövlətin yeni Konstitusiyasının hazırlanması idi.  Ulu Öndərimiz 1995-ci ildə yeni Konstitusiya qəbul olunarkən demişdir: «Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.»

1995-ci ilin noyabrın 19-da keçirilmiş referendumda nəhayət seçicilərin 86 faizinin iştirakı ilə Ali Qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş və həmin ilin 27 noyabr tarixində Konstitusiya qüvvəyə minmişdir. Bu əhəmiyyətli Qanunun qəbulundan sonra Ulu Öndər Heydər Əliyevin 15 dekabr 1995-ci il tarixli Fərmanına əsasən hər il noyabr ayının 12-si Konstitusiya Günü kimi qeyd edilir.

Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tarixi hadisə haqqında demişdir: «Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.» Həmçinin bildirmişdir ki, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir.

 Ali Qanunumuz olan ölkə konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişikliklərini özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Xüsusilə insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.

Konstitusiyamızda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdur. Bundan başqa, Konstitusiyanın qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Həmçinin Əsas Qanunuda Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.

Azərbaycanın sürətli sosial - iqtisadi inkişafı nəticəsində və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Konstitusiyamızda bir neçə dəfə dəyişikliklər edilmiş və əlavələr olunmuşdur. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci Vitse-prezidentlik institutu yaradılmışdır.  Bu təsisat  müstəqil Azərbaycanda dövlət və hakimiyyət idarəetməsini daha da təkmilləşdirməyə xidmət edir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri