12 aprel 2024 15:56
63

“Yurdum” – sosial terapevtik icmanın açılışı olub

"Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyi tərəfindən həyata keçirilən ""Yurdum" sosial eko-kənd" layihəsinin icrası davam edir.

12 aprel 2024-cü il tarixində layihə çərçivəsində yaradılmış "Yurdum" - sosial terapevtik icmanın açılışı olub.

Açılış mərasimində inklüziv rəqs şirkəti "Danceability Azerbaijan"-nın rəhbəri Nigar Sultanova da  iştirak edib. Hal-hazırda mərkəzin 15 benefesiarı var.

İcma xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial adaptasiyasına kömək edir.  Dünyada axır onillər ərzində psixo-emosional, mental pozuntuları olan gənclərə göstərilən xidmətlər sırf tibbi deyil, daha çox gündəlik həyatda zəruri olan şəxsi gigiyena, cəmiyyətdə davranışın əsasları, ev və təsərrüfat işlərinin görülməsi vərdişlərin yaranması məqsədilə  inklüziv təlimləndirməyə və şəxsiyyətin inkişafına yönəldilmiş digər fəaliyyətlərə, holistik yanaşmaya  üstünlük verilir.

"Yurdum"da xüsusi ehtiyacı olan şəxslərə tamdəyərli sosial ünsiyyəti, bacardığı qədər iş görülməsi, öz şəxsiyyətinin əhəmiyyətini dərk etməsi üçün şərait yaradılacaq.

Qeyd edək ki, "Yurdum" sosial eko-kənd" layihəsi "Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyi tərəfindən həyata keçirilir.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən elan edilmiş "Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili" adlı tenderin qalibi olub.