Dövlət başçısı İlham Əliyevin Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra «Biz Qərbi Azərbaycana qayıdacağıq» çağırışını etməsi tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin təqdimatıdır
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə prezident seçkiləri keçiriləcək. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin oktyabarın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürülərək yekdilliklə qəbul olundu. Həm növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam, həm də cənab İlham Əliyevin Prezidentliyə namizədliyi özündə bütün məqamları, Azərbaycanın dünəninə baxış əsasında qarşıdakı dövrün hədəflərini ehtiva edir.
Hər dövrün öz tələbləri vardır. Çox da uzaq olmayan tarixə, 2018-ci ilin prezident seçkilərinə nəzər salaq. Ölkədə keçirilən hər bir seçki prosesi əldə olunan uğurların və onların fonunda müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir. Qarşıdakı dövr üçün verilən proqnozlar özünü doğruldur, müəyyənləşdirilən hədəflər gerçəkliyə çevrilir. 2018-ci il 11 aprel seçkilərində də hədəflər dəyişməz idi. Belə ki, torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yur-yuvalarına qayıdışı, Azərbaycanın informasiya cəbhəsində üstünlüyünün təmin edilməsi 2018-ci ildən sonrakı 7 ilin əsas prioritetləri idi. Cənab İlham Əliyev 2018-ci ildə keçirilən andiçmə mərasimində bu çağırışı etmişdir: «Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.»
Dövlət başçısı İlham Əliyev həmin andiçmə mərasimində 15 ilin hesabatını verdi, növbəti illərin hədəflərini açıqladı. Bu gün isə 20 ilin uğurlarına baxış əsasında qarşıdakı dövrdə görüləcək işlərdən bəhs edilir. Sözügedən andiçmə mərasimində «Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir» söyləyən cənab İlham Əliyev onu da bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir: «Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır.»
Cənab İlham Əliyev bu ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində « Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi» söylədi. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Qarabağ münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü iqtisadiyyat qurduq. Son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Dövlət başçısı İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın, güclü ordun olmalıdır.
Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu döyüş meydanında sübut etdi. Həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda bu ilin 19 sentyabr tarixində cəmi 23 saat davam edən antiterror əməliyyatı gücümüzü göstərdi. Yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycan xalqı Silahlı Qüvvələrimizlə fəxr edir.
Arxada qalan illər tariximizin öyrənilməsinin və təbliğinin, dövlətçilik, müstəqillik ənənələrinin qorunmasının da dövlət siyasətimizin əsası olduğuna işıq salır. Ölkə Prezidenti İlham Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə haqqında» Sərəncamını, həmçinin 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsini xüsusi qeyd etməliyik. Tarix heç zaman unudulmur. Prezident İlham Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamı tarixmizə verilən dəyər, həqiqətlərimizin təbliği istiqamətində atılan addımların mühüm tərkib hissəsi lşğş vgngkdgtvşkşdvş. Zaman-zaman ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar bəşər sivilizasiyasının ən qanlı, qaranlıq tarixidir. Ötən əsrdə imperiya siyasətinin quluna çevrilən daşnakların Azərbaycan xalqına qarşı apardıqları soyqırımlarda qətlə yetirilən soydaşlarımızın üzləşdikləri faciələrin, vəhşiliklərin analoqu yoxdur. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra tariximizin obyektiv mənzərəsinin yaradılması üçün geniş imkanlar əldə olundu. Ümummilli Liderin fəaliyyətinin əsas tərkib hissələrindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, həqiqətlərimizin, ermənilərin əsil simasının dünya ictimaiyyətinə çatdırılması oldu. Ulu Öndərin ilk görüşünün ziyalılarla olması da təsadüfi deyildi. Tarixin saxtalaşdırılmasına yol verməməyə çağırış edən Ümummilli Lider faktların dili ilə kitabların yaxzılmasını və müxtəlif dillərə tərcümə edilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanında ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərinə adekvat siyasi qiymət verilmiş və 31 mart «Azərbaycanlıların Soyqırımı Günü» elan edilmişdir. Məlum fərman dünyaya tarixi həqiqətlərə həqiqət gözü ilə baxmaq çağırış oldu. Son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev dəfələrlə Azərbaycan Milli Elmlər Akademiyasının yığıncaqlarında iştirak etmiş, tariximizlə bağlı araşdırmaların miqyasının genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib. Prezidentimizin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında» Sərəncamı təbliğat işimizin daha da gücləndirilməsində stimulverici amildir.
Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» Sərəncamı imzalamaqla, həmçinin 2018-ci ili «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməklə xalqımızın keçmişinə hər zaman sahib çıxdığını, dəyərlərimizi qoruduğunu, hörmətlə yad etdiyini bildirən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bu sahədəki siyasətinə də sadiqliyini göstərdi.
Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarını qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və həqiqətə çevrilməsinə zəmin yaratdı. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan Xalq Cümhuriyyətindən miras qalan istəklərin daha geniş və müasir tələblərə uyğun tətbiqinin nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə eyni sırada addımlayır, beynəlxalq siyasətdə mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki illərdə Azərbaycan həqiqətlərini təbliğ etmək üçün müxtəlif ölkələrə getmək zərurəti yarnırdısa, bu gün artıq ölkəmiz müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə malik olduğu imkanlarını, reallıqlarını dünyaya çatdırır.
Dövlət başçısı İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”» fikirləri keçilən yolun təhlili fonunda özünü aydın ifadəsini tapır. Təbii ki, bu fikirlərin təsdiqi bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması oldu. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, gələcəyə böyük inamı nəticəsində yazılan Zəfər tarixi qalib Azərbaycanın qarşısından yeni imkanlar açdı. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi. Dövlət başçısı İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məqama xüsusi diqqət yönəltmişdir ki, işğal dövründə hətta bir çox hallarda məndə də artıq belə bir fikir formalaşmışdı ki, dünyada ədalət yoxdur: «Əminəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu fikrə şərik idi. Çünki bu dərəcədə ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni, haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur.»
Azərbaycan zəngin tarixə malik olan ölkə kimi tanınır və nüfuz qazanır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan görüşdə tariximizin şanlı səhifələri ilə yanaşı, qara səhifələrinin də olduğunu nəzərə alaraq bu çağırışı etmişdir ki, tariximizin qara səhifələrini unutmamalıyıq, ört-basdır etməməliyik: «Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.» Cənab İlham Əliyev hələ 2011-ci ildə AMEA-nın illk ümumi yığıncağında Azərbaycanın ayrı-ayrı sahələrində qazanılan uğurlardan, tarixçilərimizin fəaliyyətindən geniş bəhs edərək bu çağırışı etdimişdir ki, tarixi saxtalaşdırılmasına yol verilməməlidir.
İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə görüşlərinin keçirilməsi ilə bütün türk dünyasını birləşdirməyə səy göstərilir. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıb. Bu baxımdan cənab İlham Əliyev həmin yığıncaqdakı çıxışında bildirmişdir ki, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır. Dövlət başçısı İlham Əliyev eyni çağırışla Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə çıxış etdi: «Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik.»
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi də tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, çoxəsrlik tariximizin ayrı-ayrı mərhələlərinin müqayisəli təhlili əsasında reallıqların təbliğində öz sözünü dedi. Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş illik ümumi yığıncağında bildirmişdir ki, biz öz tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: «Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.»
Azərbaycan xalqının yaşadığı faciələrdən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayır, qurub- yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən erməni xalqıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu cinayətləri hansısa yad planetdən gələnlər yox, erməni xalqı törədib. Məscidləri, tarixi abidələri, qəbirləri dağıdıb, olmazın vəhşiliklər ediblər. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər: «Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.»
Faktaraşdırıcı Missiya bir tərəfdən vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı bir müstəviyə qoydular. Dövlət başçısı İlham Əliyev dünyaya səs salan tarixi Zəfərimizdən bəhs edərək son üç ildə keçirilən görüşlərdə verilən «Siz bu Qələbəyə necə nail oldunuz» sualına cavabı olduqca qürurvericidir. Cənab İlham Əliyev bu suala cavab olaraq bildirmişdirki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız: « Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.»
Azərbaycan ötən 30 ildə tarixinə sahib çıxaraq hər bir səhifəsini əziz bilərək dünya ictimaiyyətini dolğun şəkildə məlumatlandırmaq üçün bütün səylərini birşləşdirdi.
Qarabağ münaqişəsinin bu gün tarixə qovuşmasında, tarixi Zəfərimizdə informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Belə ki, ölkəmiz bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycan ərazisi olduğu öz əksini tapıb. Baxmayaraq ki, bu qətnamələr 30 il kağız üzərində saralaraq həllini gözlədi, amma Azərbaycan sonadək haqqın, ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirdi və 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsi ilə bunu bir daha təsdiqlədi. Vətən müharibəsində qazandığımız Qələbə və sentyabrın 19-da həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bu, tarixi ədalətin, beynəlxalq hüququn bərqərar olunması ilə yanaşı, xarici siyasət sahəsində də yeni üfüqlərin açılması baxımından imkanlar yaradır.
Bu gün Qarabağ və Şərqi Zəngəzur həyatının yeni mərhələsini yaşayır. Genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyev keçmiş məcburi köçkünlərimizin öz doğma yurd-yuvaralına qayıdışlarını, Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrildiyini önə çəkərək belə bir inamı ifadə etmişdir ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bu çağırışın edildiyi vaxtdan ötən bir ildə Qərbi Azərbaycan İcmasının qarşısına qoyulan vəzifəələrin uğurlu icrası göz qabağındadır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib və uğurla icra edilir. Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə proqram xarakterli çıxışı zamanı qarşıya bir sıra həlli vacib məsələlər qoymuşdur. Təbliğat işinin gücləndirilməsi, informasiya cəbhəsində üstündüyümüzün qorunması əsas çağırışlardan idi. Son bir ildə Qərbi Azərbaycan İcması bu istiqamətdə mühüm addımları ilə diqqətdədir.
Bütün bunlar belə bir ümumiləşdirməyə əsas verir ki, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi bu hədəflərə nail olmağımıza geniş imkanlar açacaq. Siyasətində tarixi ədalətə və beynəlxalq hüquqa xüsusi önəm verən dövlət başçısı İlham Əliyev böyuk əminliklə «Biz Qərbi Azərbaycana qayıdacağıq» bildirir.
Yeganə Əliyeva, «İki sahil»