02 may 2025 00:13
360

Xoşbəxt gələcək arzulayırsınızsa… - MÜSAHİBƏ

Bir dəfə etdiyiniz seçim, istər doğru, istərsə də yanlış olsun, sizi ömürlük təqib edəcək

“İki sahil” qəzetinin növbəti müsahibi, Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi fakültəsinin 5-ci kurs tələbəsi Emil Huseynli əldə etdiyi uğurlar və gələcək hədəfləri ilə bağlı fikirlərini oxucularımızla bölüşür.

- BANM-in tələbəsi Emil Huseynli kimdir? İlk olaraq səni yaxından tanıyaq.

- Mən Emil Huseynli, Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsinin 5-ci kurs tələbəsiyəm.

– Bu ixtisası seçməyə səni kim həvəsləndirdi?

- Əvvəldən BANM-də təhsil almaq istəyirdim, gələcəyim üçün doğru seçim olacağını düşünürdüm. Həmçinin, mühəndislik ixtisasını ən uğurlu tədris edən universitetlərdən biridir. İxtisaslardan isə neft-qaz mühəndisliyinin digərlərindən daha geniş və əhəmiyyətli olduğunu düşündüyüm üçün belə qərar vermişdim.

– İmtahanlara hazırlaşarkən əsas hədəfin nə idi?

- Sadəcə, yüksək bal toplamaq. Çox güclü hazırlaşmaq - universitetə qəbul olmaq üçün durmadan çalışırdım.

- Ali məktəblərə qəbul imtahanında yüksək bal toplayacağını gözləyirdinmi?

- Bəli, gözləyirdim, çünki çox çalışmışdım, və bunun alınmayacağına inanmaq istəmirdim. Əsas elə riyaziyyatı sevirdim və riyaziyyat fənnindən də maksimum nəticə göstərmişdim.

- İmtahanlara hazırlaşarkən Bakı Ali Neft Məktəbi, neft sənayemiz haqqında məlumatın var idimi?

- Əlbəttə var idi. Elə bu səbəblə öz ixtisasıma yiyələnmişəm.

– Təhsilini davam etdirməyi düşünürsənmi?

- Bəli, magistr təhsili üçün hazırda 8 xarici universitetə (Amerika, İngiltərə və İrlandiya) qəbul olmuşam. 8-dən də cavab gözləyirəm.

- Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görərdin?

- Tək hədəfiniz oxumaq olsun. Bu o demək deyil ki, sosiallaşmayın, bu o deməkdir ki, virtual sosiallaşmağa biraz ara verin və boş zamanlarınızda real həyatı yaşayın.

– Gələcəklə bağlı hansı planların və hədəflərin var?

- Gələcəkdə fəaliyyət göstərəcəyim sənaye ixtisasında çox güclü və axtarılan mühəndis olmaq istəyirəm.

- Bakı Ali Neft Məktəbi ilə ilk tanışlıq təəssüratların necə oldu?

- İlk dəfə Bakı Ali Neft Məktəbi ilə anam məni 6-cı sinifdə oxuyarkən tanış etmişdi. Ondan sonra universitet haqqında oxuduğum məktəb - Fizika, riyaziyyat və informatika təmayüllü liseyində haqqında çox eşitməyə başladım və beləcə, uzun araşdırmalardan sonra seçim etmək qərarına gəldim.

- BANM-də yüksək səviyyədə ali təhsil üçün yaradılan müasir imkanları necə dəyərləndirirsən?

- Biznesimi yaradaraq ardınca getməyimdə mənə kömək edən BANM olub. Mən abituriyent olan zaman bu cür işlər görəcəyim ağlıma belə gəlməzdi, amma universitet daxilində BANM-in innovasiyalar şöbəsi ilə yaxından işləyərək, elmi rəhbərimiz Elmar Əsgərzadə ilə tanış oldum və birlikdə bu startapımızı yaratdıq.

- SOCAR-ın tələbələr üçün yaratdığı imkanlarda, həyata keçirdiyi müxtəlif proqramlarda iştirak etmisənmi?

- SOCAR-ın tələbələr üçün çox uğurlu addımları hər zaman bizimlə bölüşülür. Ətrafımda olan gənclərdən Gənc İstedadlar Proqramına baş vuranlar var və proqramdan çox razı olduqlarını bildirirlər.

– Tələbələr arasında könüllülük və sosial həyata maraq hansı səviyyədədir?

- Könüllülük fəaliyyəti çox önəmlidir, çünki ətrafını qurmaq, özünü inkişaf etdirmək üçün bir məkan və pozisiya əldə edirsən.

- BANM-i digər universitetlərdən fərqləndirən əsas amillər hansılardır?

- Əsas, tələbələridir. Bir mühit düşünün ki, ətrafınızda hər biri zəkalı, xüsusi istedadlı gənclərdir. Daha sonra karyera seçimləri və digər üstünlükləri.  Bu, gizli deyil ki, BANM-də təhsilin səviyyəsi bir çox Azərbaycan universitetlərindən üstündür. Elə bu səbəblə də BANM məzunlarının iş tapması çox rahat olur.

- Niyə neftçi olmaq istədin?

- Mühəndis, sahəm üzrə mütəxəssis olmağı arzulamışam. Seçimimin doğru olduğunu düşünürəm.

- Yaxşı neftçi olmaq üçün əsas nə lazımdır?

- Mənə görə, öyrənmək və hər zaman öyrənmək. Müəllimlərimiz bir çox sənaye təcrübəsi olmuş və hazırda sənayedə fəaliyyət göstərən şəxslərdir. Düşünürəm ki, elə öyrənmək və biliklərimizi artırmaq lazımdır.

- Bu sahəyə maraq göstərən abituriyentlərə nə kimi tövsiyələr verərdin?

- Ətrafımda seçim etmiş gənclərdən bəziləri ailəsinin istədiyi üçün qərar vermişdi. Mən deyərdim ki, bir dəfə etdiyiniz seçim, istər doğru, istərsə də yanlış olsun, sizi ömürlük təqib edəcək. Ona görə, xoşbəxt gələcək arzulayırsınızsa, həqiqətən sevə biləcəyiniz bir ixtisasa yiyələnməyə çalışın.

- İxtisasınla bağlı istehsalat təcrübələrində iştirak edirsənmi? 

- Universitetimizin və SOCAR-ın təşkil etdiyi istehsalat təcrübələrində iştirak etmişəm və düşünürəm ki, elə sənaye ixtisasları üçün təcrübə olmazsa olmazdır. Yəni, yalnız nəzəriyyə ilə mühəndisliyi öyrənmək qeyri-mümkündür.

– Dərslərdən kənar hansı sahələrə maraq göstərirsən?

- Hazırda, Estoniya və Azərbaycanda fəaliyyət göstərən biznesim - startapım var. Əlavə olaraq, tədbirlər təşkil etməyi sevirəm və yarışmalarda iştirak etməyə çalışıram.

- Hədəfin nədir?

- Dediyim kimi, yaxşı mütəxəssis olmaq. Hal-hazırkı biznesimi də paralelində inkişaf etdirməkdir.

- Bakı Ali Neft Məktəbində oxuduğun illərdə nələr ilə məşğul oldun?

- Sosial könüllülük və aktivliklərə qatılmağa başladım. Agroficient - ağıllı hidrogelləri ixtira etdikdən sonra uğurlarımız artmağa başladı. Belə ki, əvvəla, ENACTUS yerli finalında 3-cü yer tutduq. Daha sonra KOBİA-dan 19 900 AZN məbləğində qrant qazandıq. Sonra HULT Prize Lisbon Sammitində qalib gələrək Qlobal Akselerasiyasında iştirak edən ilk azərbaycanlılar olduq. Daha sonra BAKU ID tədbirində 100 000 ABŞ dolları məbləğində investisiya qazanmağa nail olduq. Bu yaxınlarda isə, qlobal akselerasiyasına qoşulduğumuz SBC bizə 25 000 manat məbləğində investisiya etmişdir. Boş vaxtlarımda isə tədbirlər təşkil edirdim. Keçən il 500 nəfərlik auditoriyası olan TEDxBHOS tədbirini təşkil etmişəm və BAKU ID tədbirinin təşkilatçılığında fəaliyyət göstərmişəm.

Orxan Vahidoğlu, “İki sahil”