02 may 2025 14:40
154

Azərbaycan və Çin bütün beynəlxalq platformalarda bir-birinin maraqlarını müdafiə edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibəsində vurğuladığı mühüm məqamlardan biri də Azərbaycan ilə Çin arasında milli maraqlara aid məsələlərdə nümayiş etdirilən həmrəylik və dostluqdur. Bu münasibətlərin əsasında qarşılıqlı hörmət, etimad və bərabər hüquqlara əsaslanan əməkdaşlıq prinsipləri dayanır.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Çin bütün beynəlxalq platformalarda bir-birinin maraqlarını müdafiə edir, daxili işlərə qarışmama və suverenliyə hörmət kimi fundamental prinsiplərə sadiqdir. Bu, xüsusilə son illərdə dünyada geosiyasi gərginliklərin artdığı bir vaxtda olduqca vacib və nümunəvi haldır.

Məsələn, Azərbaycan daim “Vahid Çin” prinsipini dəstəkləyib və Çin Xalq Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyaraq bu mövqeyindən bir addım belə geri çəkilməyib. Öz növbəsində, Çin də Azərbaycanın Qarabağ məsələsində ədalətli mövqeyini dəstəkləyir və ölkəmizin ərazi bütövlüyünü tanıyır.

Bu qarşılıqlı dəstək həm də iqtisadi və siyasi sahələrdə əməkdaşlığın güclənməsinə yol açır. Çinin böyük potensiala malik bazarına çıxış imkanları, eləcə də Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində oynadığı mühüm rolu, iki ölkənin strateji tərəfdaşlığını daha da dərinləşdirir.

Bütün bu faktorlar Azərbaycanın və Çinin beynəlxalq arenada bir-birinə arxa durmasına səbəb olur. Dövlət başçılarının bir-birinə olan şəxsi hörməti və inamı isə bu münasibətləri daha da gücləndirir.

Beləliklə, Azərbaycan-Çin münasibətləri təkcə iqtisadi və siyasi maraqlarla deyil, həm də dərin dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur ki, bu da onları daha möhkəm və uzunömürlü edir.

Taleh Mansurov,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri