Ermənistan ordusunun məğlubiyyətlər seriyası davam edəcək
Cəbhə xəttində gərginlik davam edir. Xüsusən Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının ordumuzun ön mövqelərinə soxulmaq cəhdi onların xeyli sayda itki verib geri çəkilmələri ilə nəticələdi.
Qeyd edək ki, ermənilərin fevralın 21-dən 22-nə keçən gecə cəbhə xəttinin Tərtər-Ağdam istiqamətindəki hücumları iflasa uğradıqdan sonra onlar fevralın 24-dən 25-nə keçən gecə Füzuli-Xocavənd istiqamətində növbəti hücuma keçmişdilər. Lakin bu dəfə də əvvəlkindən daha çox itki verərək geri çəkildilər.
Təbii ki, erməni silahlı qüvvələrinin cəbhə xəttində gərginlik yaratmasının bir neçə səbəbi var. Onlardan birincisi Ermənistan prezidenti Serj Sarkisyanın ölkədəki sosial və siyasi gərginliyi cəbhə xəttindəki gərginliklə əvəz etməklə erməni xalqının diqqətini əsas hədəfdən yayındırmaqdır.
Digər səbəb isə qarşıdan gələn parlament seçkilərinədək guya 2016-cı ilin aprelində Ermənistan ordusunun məğlub olduğu aprel döyüşlərinin əvəzini çıxmaqla əvvəlki siyasi nüfuzunu bərpa etməkdir. Lakin onların həm Ağdam-Tərtər, həm də Füzuli-Xocavənd istiqamətindəki hücumları ciddi məğlubiyyətə uğradı. Erməni silahlı birləşmələrinin hər iki hücumu igid Azərbaycan hərbçilərinin qəhrəmanlığı və peşəkarlığı sayəsində nəinki dəf edildi, hətta ermənilər növbəti dəfə ciddi itki verərək geri çəkilməli oldular.
Xankəndidəki xəstəxanalara onlarla meyit və yaralı gətirilib - insanlar qorxaraq kəndləri tərk edirlər...
Düzdür, bu döyüşlərdə beş Azərbaycan hərbçisi qəhrəmancasına həlak oldu. Lakin ermənilərin itkisi bundan bir neçə dəfə çox olmuşdur. Ermənistan hakimiyyəti itkilərin sayını gizlətməyə çalışsa da erməni mənbələri, o cümlədən ermənilərin sosial şəbəkə fəallarının paylaşmalarından da aydın görünür ki, onların itkisi xeyli çoxdur.
Martirosyan adlı bir sosial şəbəkə istifadəçisinin yazdığına görə, fevralın 24-dən 25-nə keçən gecə cəbhədəki döyüşdən sonra Xankəndidəki xəstəxanalara onlarla meyit və yaralı gətirilib. Həmçinin ermənilər sosial şəbəkədə Xankəndidə və ətraf qəsəbələrdə ciddi panikanın hökm sürdüyünü, xüsusən ermənilərin kəndləri boşaldıb qaçmağa başladıqlarını da paylaşıblar. Onların yazışmalarının ümumi mənzərəsi ondan ibarətdir ki, təcili tibbi yardımların dayanmadan meyit və yaralı daşımaları Xankəndidə ciddi qorxu və vahimə yaradıb.
Ermənistandakı siyasi şərhçilər də cəbhə xəttində ermənilərin itkisinin çox olmasından məyus olaraq bunu Serj Sarkisyanın bacarıqsızlığının, ölkədəki korrupsiyanın miqyasının çox olmasının əlaməti kimi dəyərləndirirlər.
Raffi Ovanisyan: Son bir il ərzində cəbhə xəttindəki mövqe döyüşlərində Azərbaycan Ordusunun peşəkarlığı artmaqda davam edibsə, bunu Ermənistan ordusu haqqında demək mümkün deyil
Hətta Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovanisyan bəyanat verərək bu döyüşlərdəki məğlubiyyətdə mövcud Sarkisyan hakimiyyətinin günahının olduğunu bildirib. Onun qənaətincə, son bir il ərzində əgər cəbhə xəttindəki mövqe döyüşlərində Azərbaycan Ordusunun peşəkarlığı artmaqda davam edibsə, bunu Ermənistan ordusu haqqında demək mümkün deyildir.
Artıq Ermənistanda yaxşı anlayırlar ki, bundan sonra Azərbaycanla hər bir döyüşdə məğlubiyyətə məhkumdurlar. İndi Azərbaycan ordusu 10-15 il əvvəlki ordu deyil, onun mükəmməl kadr ehtiyatı, geniş manevr imkanları, ən müasir silahları vardır. Azərbaycan xalqı onu da bilir ki, əgər Ermənistan havadarları prosesə müdaxilə etməsələr qüdrətli Azərbaycan Ordusu bir həftə ərzində Xankəndi başda olmaqla Dağlıq Qarabağı bütünlüklə yağı düşməndən azad etməyə qadirdir.
Təbii ki, buna Azərbaycanın yalnız hərbi resursları deyil, zəngin iqtisadi resursları da imkan verir. Belə ki, regionun bütün qlobal layihələrində söz sahibi olan Azərbaycan dövlətinin valyuta ehtiyatı Ermənistanın 10 illik dövlət büdcəsinə bərabərdir.
Beynəlxalq təşkilatlar Azərbaycan Ordusunun Ermənistan ordusundan 20 dəfə güclü olduğunu bildirirlər
Eyni zamanda, əgər Azərbaycanda demoqrafik vəziyyət hər il müsbətə doğru dəyişirsə, (son 4 il ərzində ölkəmizin əhalisi daha bir milyon artaraq artıq 10 milyon nəfərə çatıb.) Ermənistanda isə əksinə əhalinin artımı azalma ilə əvəz olunub. Hətta bu rəzil ölkədəki sosial vəziyyətin ağırlaşması ermənilərin ölkələrindən kütləvi qaçmasına səbəb olub.
Digər çox mühüm məqam Azərbaycan Ordusunun Ermənistan ordusundan 20 dəfədən çox ən müasir silahlarla təmin olunmasıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİRRİ) məlumatına görə, əgər müharibə başlasa Azərbaycan Ordusunun silah zənginliyi Ermənistanı məğlub duruma salmağa qadirdir.
Təbii ki, 25 fevral döyüşlərini şanlı aprel döyüşlərinin davamı da hesab etmək olar. Sadəcə burada taktika fərqliliyi var idi. Əgər 2016-cı ildə Azərbaycan Ordusu Ermənistan ordusunun təxribatlarına cavab olaraq hücuma keçərək qısa müddət ərzində bir xeyli ərazini işğaldan azad etmişdisə, bu son döyüşdə ermənilər hücuma keçərək apreldə itirdikləri əraziləri qaytarmağa çalışdılar. Məhz ciddi müdafiə olunan ordumuz əks-zərbə ilə onları geri oturtdu.
Serj Sarkisyan rejimi həm ötən ilin aprel, həm də bu ilin 25 fevral döyüşlərinin Ermənistana vurduğu ağır zərbələri erməni ictimaiyyətindən gizlətmək üçün bu gün də dezinformasiya siyasətindən də gen-bol istifadə edir. Bütün ölkə boyu erməni məmurlara bu döyüşlərdəki itkilərinin sayını azaltmaq üçün dövlət səviyyəsində dezinformasiyalara üstünlük verilməsi tapşırılıb. Onlar erməniləri inandırmağa çalışırlar ki, guya Azərbaycan Ordusunda da ciddi itkilər var.
Təbii ki, bütün cəhdlərinə baxmayaraq erməniləri inandıra bilmədilər. Ona görə ki, Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlamasında bildirdi ki, fevralın 24-dən 25-nə keçən gecə cəbhənin Füzuli-Xocavənd istiqamətindəki döyüşlərdə beş Azərbaycan hərbçisi həlak olub. Onların neytral mövqedə qalan meyitləri isə fevralın 27-də götürülərək ailələrinə təhvil verilib. Bu gün isə Azərbaycan xalqı şəhidlərini dərin hörmətlə anaraq onları uğrunda həlak olduqları torpağa tapşırdı.
Bütün bunlar bir daha onun göstəricisidir ki, Ermənistan ordusunun məğlubiyyətlər seriyası bundan sonra da davam edəcəkdir. Qüdrətli Azərbaycanın güclü ordusu, qətiyyətli Ali Baş Komandanı, qəhrəman xalqı bundan sonrakı qələbələrin təməl daşlarıdır. Tanrı dövlətimizi, ordumuzu, xalqımızı qorusun!
Elçin Zaman, “İki sahil”