16 aprel 2025 11:53
251

Deputat: Ermənistanın hərbi təxribatlarda məqsədi yenidən gərginlik yaratmaqdır

Ermənistan tərəfi sülhdən danışa-danışa şərti sərhəddə hərbi təxribatlardan əl çəkmir. Sülh mətni üzərində əldə edilən razılaşma fonunda erməni tərəfinin təxribatları səngimir. Çünki qarşı tərəf hər zaman öz xislətinə uyğun olaraq yenidən bölgədə gərginliyin yaranmasında maraqlıdır.

“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Ermənistanın davranışları onun sülhdə maraqlı olmadığını bir daha təsdiq edir: “Azərbaycana qarşı ərazi iddiası fonunda rəsmi İrəvan tələsik sülh müqaviləsi imzalamaq iddiasından çıxış edir. Sözsüz ki, yarımçıq sülh razılaşması sonrakı problemlər üçün də əsas yarada bilər. Ona görə də Azərbaycanın sülhlə bağlı mövqeyi beynəlxalq hüquqa əsaslanır”.

Deputat hesab edir ki, Ermənistan konstitusiyasından Azərbaycan qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarılmayınca sülh sazişinin imzalanması mümkün olmaycaq: “Prezident İlham Əliyev də bu istiqamətdə Azərbaycan dövlətinin mövqeyini birmənalı şəkildə bəyan edib. Eyni zamanda 30 illik keçmiş münaqişə dövründə heç bir müsbət addımı ilə xarakterizə olunmayan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulmalıdır. Azərbaycanın Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətinə Ermənistan da qoşulmalıdır. Amma görünür erməni tərəfi bu məsələdə də gözləmə mövqeyindədir”.

Məlahət İbrahimqızı Ermənistanın son təxribatları fonunda bölgədə gərginliyin yaranmasında maraqlı olan qüvvələrin mövcudluğuna da diqqət çəkib.

Bildirib ki, Minsk Qrupunun üzvlərindən biri kimi Fransa bölgədə daimi sülhün formalaşmasına imkan vermir. Rəsmi Paris özünün avantürasına uyğun olaraq Cənubi Qafqazda maraqlarını reallaşdırmağa çalışır. Fransa prezidenti Emmanuel Makronun fransızlardan daha çox ermənilərin məsələləri ilə maraqlanması və məşğul olması da bu işin tərkib hissəsidir. Çünki bölgədə yaranacaq yeni gərginlik bir çoxlarının arzuladığı mənzərədir. Amma bu gün regionda və qlobal miqyasda sülhün və təhlükəsizlin təminatçısı güclü Azərbaycan dövlətidir. Ona görə də bölgədə yenidən gərginliyin olmasını arzulayanların istəkləri reallaşmayacaq”.