23 aprel 2025 10:56
242

Ekspert: Çin şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün əhəmiyyətli potensiala malikdir

Çin şirkətləri Qarabağ regionunun bərpasında iştirak etmək üçün əhəmiyyətli potensiala malikdir.

Bu barədə jurnalistlərə Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun elmi əməkdaşı Kanq Je (Kang Jie) bildirib.

"Şuşaya səfərim zamanı bərpa və yenidənqurma prosesinin gedişatı ilə tanış oldum. Proses yüksək templə aparılırdı. Xüsusilə ekoloji məsələlərə diqqət və ətraf mühitə qayğılı münasibət təsir etdi. Bölgədə artıq çoxlu su elektrik stansiyaları tikilib, günəş panelləri istifadə olunur. Bu, ciddi şəkildə dayanıqlı inkişafa yönəlməyin sübutudur", - K.Je qeyd edib.

O, həmçinin vurğulayıb ki, Çin rəqəmsallaşma və “yaşıl tikinti” layihələrinin həyata keçirilməsində geniş təcrübəyə malikdir. Nümunə kimi Kanq Je, Pekindən cəmi 100 kilometr məsafədə "Yaşıl fond" təşəbbüsü çərçivəsində tikilmiş Syunan şəhərini göstərib. 

"Syunan şəhərini gələcək Çin və bəlkə də dünya şəhərinin nümunəsi kimi görürük. Bu, texnologiyaların inkişafı ilə ekoloji qayğını necə harmonik şəkildə birləşdirməyin mümkünlüyünə bir nümunədir", - ekspert əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan və Çin prezidentləri dayanıqlı və rəqəmsal inkişafın əhəmiyyəti barədə oxşar fikirlərə malikdirlər ki, bu da ikitərəfli əməkdaşlıq üçün əlavə perspektivlər açır: 

"Ağdama səfərim zamanı Çin texnologiyalarından istifadə edilərək yaradılmış günəş elektrik stansiyası və digər infrastruktur obyektlərini gördüm. Bu, Çin şirkətlərinin artıq prosesə cəlb olunduğunu və gələcəkdə Qarabağın bərpasında iştirakını genişləndirə biləcəyini təsdiqləyir".

“Report”