29 aprel 2025 10:22
102

Premyer Liqada 250-ci oyun

Vüqar Mustafayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. “Sumqayıt”ın kapitanının yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib. O, “Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.

“İki sahil” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Vüqar Premyer Liqada 5 klubun formasını geyinib. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 dəfə şans qazanıb. Mustafayev ölkə çempionatları tarixində 250 və ya daha çox oyun keçirən 77-ci futbolçudur.

Qeyd edək ki, onun debütü 2013/14 mövsümündə gerçəkləşib. Vüqar 2013-cü il noyabrın 22-də “Bakı” – “Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.