28 aprel 2025 15:58
32

“Nurlu tale” FOTO

İmişlidə Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib

İmişli rayonunun Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Nurlu tale” adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Çıxışlar başlamamışdan öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Sonra Zərifə xanım Əliyevanın mənalı ömür yolu, elmi və akademik fəaliyyəti haqqında çıxışlar dinlənilib. Onun xalqımızın qəlbində, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacağı diqqətə çatdırılıb.

Səhiyyə sahəsində səmərəli fəaliyyəti və oftalmologiya sahəsində göstərdiyi peşəkar xidmətlərinə görə bir qrup həkim-oftalmoloqlar İmişli Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri Fərman”la mükafatlandırılıb.

Tədbirin sonunda mədəniyyət işçilərinin ifalarında bədii kompozisiyalar təqdim edilib.