27 iyun 2026 11:10
184

Döyüş ruhu, qələbə əzmi və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədə olan ordu - ŞƏRH

Müasir ordu təkcə texnika və biliklə deyil, ruh yüksəkliyi və mənəvi hazırlıqla da güclü olmalıdır. Azərbaycan əsgərinin ən güclü və ən müsbət tərəfi onun Vətənə bağlılığı, torpağa sevgisi və şəhidlərimizin əziz xatirəsinə sadiqliyidir. Bu yerdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərini də xatırlatmaq yerinə düşər: “Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən”. 

2020-ci ilin Vətən müharibəsi, həm də birgünlük lokal antiterror əməliyyatı bu ruhun nə qədər ölməz və sarsılmaz olduğu bir daha sübut olundu. Azərbaycan Ordusu düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı ordumuzun qazandığı nailiyyətləri böyük fəxarət hissi ilə qarşıladı. 

Vətən sevgisinin, belə döyüş ruhunun qarşısında heç nə duruş gətirə bilməzdi və gətirə bilmədi. Məhz uzun illər “keçilməz sədd” adlandırılan və möhkəmlndilmiş bunkerləri dağıdan, Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edən, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının böyük sürətlə yaran da bu ruh oldu. Elə “Dağlıq Qa¬rabağ” məfhumunu, onun “statusunu”, “miatsum”u cəhənnəmə göndərən də onların həmin döyüş ruhu oldu. Bu mənada qazandığımız uğurlarımız əsgər və zabitlərimizin döyüş ruhunun məntiqi nəticəsidir desək yanılmarıq. Hətta yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vuraq. Şübhəsiz, bu ruh, həmçinin xalq-iqtidar birliyi olmasaydı, heç vaxt müharibni uda bilməzdik.
Şübhəsiz, onlardakı bu vətənpərvərlik Vətənə olan sevgidən, torpağa sevgidən qaynaqlanırdı. Elə bu səbəbdən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmadı. Belə döyüş ruhu Ermənistan ordusunda  görünmədi. Təkcə bir faktı xatırladaq ki, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olub. Ümummilli Lideri Heydər Əliyev daim ordu gəncləri ilə görüşlərində bildirirdi ki, əsgərin, döyüşçünün gücü onun vətənpərvərliyindədir: “Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”. 
Bir sözlə, müstəqil Azərbaycan elə bir yeni gənclər nəslini yetişdirib tərbiyələndirdi ki, onlar  erməni işğalçıları tərəfindən zəbt edilmiş ərazilərimiz  uğrunda elə savaşdılar ki, elə heyrət doğuran igidlik və qəhrəmanlıqlar göstərdilər ki, bütün dünya heyran qaldı.

II Qarabağ müharibəsi zamanı ordumuzun istifadə etdiyi döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Məsələn, ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər.
Yeri gəlmişkən qeyd edək ki,  əsgər və zabitlərimizin hər cür qayğı ilə əhatə olunublar. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir” deyən Prezident, Müzəffər Ali Baş Komandan bu gün də ordu quruculuğu prosesini davam etdirməklə yanaşı, əsgər və zabitlərimizin həmişə döyüş ruhunda olmaları üçün əlindən gələni əsirgəmir. Elə bu  kimi səbəblərdən bu gün də əsgər və zabitlərimizin döyüş ruhu, qələbə əzmi və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”