“Azərbaycan Asiya ölkələri üçün vacib dövlətdir. Bu reallığı ölkəmizə son günlərdə səfər edən ölkələrin liderləri tərəfindən səsləndirilən bəyanatlar da təsdiqləyir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit rəsmi səfəri zamanı müasir Azərbaycanın inkişafını çox yüksək qiymətləndirib”.
“İki sahil” xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Ötən dövr ərzində siyasi əlaqələr inkişaf edib, hər iki ölkə müxtəlif beynəlxalq platformalarda fəal əməkdaşlıq edir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, siyasi əlaqələr uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Eyni zamanda, ötən dövr ərzində ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik nümayiş etdirir. Bununla yanaşı, parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları yaradılıb. Ölkələrimizin hakim partiyaları arasında da əməkdaşlıq mövcuddur və onlar bir neçə il öncə əməkdaşlığa dair memorandum imzalayıblar.
Deputat bildirib ki, dövlət başçılarının mətbuata bəyanatla çıxışı zamanı isə Prezident İlham Əliyev siyasi müstəvidə əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayaraq eyni mənzərəni iqtisadi sahədə də görmək istədiklərini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin”. Prezident İlham Əliyev Laos-Azərbaycan biznes forumunun bu istiqamətdə önəmli addım olacağına əminliyini ifadə edib. Mətbuata bəyanatında Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşunun ildən-ilə artdığına, sərmayələrimizin coğrafiyasının genişləndiyinə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik.
Eyni zamanda, Laos Prezidentinin də mətbuata bəyanatında səsləndirdiyi fikirlər iki ölkə arasında iqtisadi əlaqələrin gələcək konturlarının müəyyən edilməsi baxımından diqqət çəkir. O deyib: “Biz əminik ki, gələcəkdə Azərbaycanın iş adamları Laos Xalq Demokratik Respublikasına daha çox investisiya yatıracaqlar. Ticarətin, turizmin həcmi, mədəniyyət sahəsində mübadilələr artacaq”.
Millət vəkili qeyd edib ki, ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin özünəməxsus tarixi var. Belə ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil alıb. Liderlərin görüşündə bu ənənənin bərpası diqqət mərkəzində olub. Bu, reallaşarsa gələcək illər ərzində ölkəmizdə daha çox laoslu tələbələr təhsil ala biləcək.
“Hazırda iki ölkə arasında qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılması üçün də əlverişli imkanlar mövcuddur. Belə ki, Laos tərəfi Azərbaycan investorlarını ölkənin energetika, infrastruktur və kənd təsərrüfatı layihələrinə sərmayə qoymağa çağırır. Biznes-forumda bu barədə geniş müzakirələr aparılıb. Öz növbəsində Azərbaycan da “Orta Dəhliz” vasitəsilə Cənub-Şərqi Asiya ölkələrinin məhsullarının daşınmasında və gələcəkdə qarşılıqlı ticarətin artırılmasında logistik qovşaq rolunu genişləndirməyi hədəfləyir. Bütün bunların fonunda iki ölkə arasında qəbul edilmiş Birgə Bəyanat əlaqələrimizin uğurlu gələcəyini özündə ehtiva edir” – deyə, Pərvin Kərimizdə vurğulayıb.