17 Oktyabr – Füzuli şəhəri günü Azərbaycanın müasir tarixində qəhrəmanlıq, əzmkarlıq və doğma torpaqlara qayıdış iradəsini təcəssüm etdirir. 30 ilə yaxın işğal altında qalan Füzulinin azadlığı xalqımızın Vətən sevgisinin, Azərbaycan Ordusunun döyüş qüdrətinin və dövlətimizin qətiyyətinin təcəssümüdür. Füzuli hərbi Zəfərin rəmzi olmaqla yanaşı, azad edilmiş ərazilərdə quruculuğun və Böyük Qayıdışın mühüm ünvanlarından biridir.
2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərbi-siyasi tarixində mühüm mərhələ oldu. Bu Qələbə uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidinin gerçəkləşməsi idi. Vətən müharibəsi nəticəsində rayonun ümumilikdə 62 yaşayış məntəqəsi işğaldan azad edildi.
Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbçilərin igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşlərdə şəxsi igidlik və şücaət göstərən 25 mindən çox hərbi qulluqçu bu medalla təltif olunub.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, oktyabrın 17-si Füzuli şəhəri günü kimi təsis edilib. Bu əlamətdar tarix Azərbaycanın qəhrəmanlıq salnaməsini yaşatmaqla yanaşı, azad edilmiş torpaqlarda aparılan quruculuq işlərini də diqqətə çatdırır. İşğaldan azad edilmiş ərazilərin bərpası dövlət siyasətinin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Füzulidə şəhərsalma, nəqliyyat, enerji və su təchizatı sahələrində genişmiqyaslı layihələr həyata keçirilir. Şəhərin inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi quruculuq işlərinin sistemli şəkildə aparılmasına zəmin yaradıb.
Rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, eləcə də Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Zəfər, Füzuli–Hadrut və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yollarının istifadəyə verilməsi nəqliyyat əlaqələrini yaxşılaşdırıb. Füzuli Beynəlxalq Hava Limanı isə bölgənin ölkədaxili və beynəlxalq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradıb. Bütün bu layihələr şəhərin müasir yaşayış və iqtisadi fəaliyyət mərkəzi kimi inkişafına xidmət edir.
Füzulinin dirçəlişində Böyük Qayıdış xüsusi yer tutur, 2023-cü il avqustun 18-dən etibarən şəhərə keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Uzun illər Bakı, Sumqayıt və Abşeron rayonunda, eləcə də ölkənin digər ərazilərində müvəqqəti məskunlaşmış ailələr doğma evlərinə qayıtmaq imkanı əldə ediblər. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, ümumilikdə 3153 nəfər köçürülüb. Bu proses şəhərin sosial həyatının bərpasına və yaşayışın tədricən canlanmasına şərait yaradır. Bununla yanaşı, minalardan təmizləmə, infrastrukturun bərpası, məşğulluğun təmin edilməsi və təhlükəsiz yaşayış mühitinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Mina təhlükəsinin aradan qaldırılması sakinlərin təhlükəsizliyi və ərazinin gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Füzulinin yenidən qurulması dost və qardaş ölkələrlə əməkdaşlığın da əyani nümunəsinə çevrilib. Özbəkistanın təşəbbüsü ilə şəhərdə Mirzə Uluqbəy adına orta məktəb inşa edilib. Müasir təhsil infrastrukturu ilə təchiz olunan məktəb uşaqların bilik və bacarıqlarının inkişafı, gələcək nəslin savadlı yetişməsi üçün geniş imkanlar yaradır. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Mərkəz uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına, musiqi və incəsənət sahəsində biliklərinin artırılmasına xidmət edir. Bu layihələr Azərbaycanla qardaş ölkələr arasında dostluğun konkret əməllərlə ifadəsidir. Onlar həmçinin Füzulinin gələcəyinə, burada böyüyən nəslin təhsilinə və mədəni inkişafına verilən töhfəni göstərir.
Füzulinin timsalında Azərbaycan torpaqların azad edilməsi ilə başlayan tarixi missiyanın onların dirçəldilməsi və sakinlərin doğma yurdlarında təhlükəsiz, firavan yaşayışının təmin olunması ilə davam etdiyinin göstəricisidir. 17 Oktyabr – Füzuli şəhəri günü qəhrəman əsgərlərimizin şücaətini, şəhidlərimizin fədakarlığını və yurd həsrəti ilə yaşayan insanların dönməz iradəsini ehtiramla yad etdiyimiz əlamətdar tarixdir. Bu gün Füzuli azadlığın yaratdığı imkanlar və həyata keçirilən quruculuq işləri sayəsində gələcəyə doğru inamla irəliləyir.
Nurlan Həsənov,
Milli Məclisin deputatı