15 oktyabr 2026 15:38
89

Kamran Bayramov: AQEM-in güclənən mövqeyi Azərbaycanın təşəbbüsləri fonunda daha da artır

Müasir dövrdə geosiyasi gərginliklərin artması, regional münaqişələrin coğrafiyasının genişlənməsi, təhlükəsizlik risklərinin mürəkkəbləşməsi və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər dövlətlərarası etimadın və çoxtərəfli tərəfdaşlığın bərpasını həyati zərurətə çevirir. Bu baxımdan, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə ölkələri arasında konstruktiv dialoqun qurulması və qarşılıqlı anlaşmanın dərinləşməsi üçün strateji platforma rolunu oynayır. Asiya ərazisinin 90 faizini əhatə edən və 28 dövləti sıralarında birləşdirən AQEM miqyasna görə regionun en böyük dialoq mexanizmidir. Asiyanın dünya ticarətində, energetikada, nəqliyyat dəhlizlərində və rəqəmsal texnologiyalardakı artan çəkisi bu platformanın dəyərini daha da artırır. Azərbaycanın 2024-cü ilin dekabrından etibarən AQEM-ə rəhbərlik etməsi bu istiqamətdə yeni bir səhifə açır. Ölkəmiz öz sədrliyini “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” konseptual xətti üzərində quraraq, təşkilatın təsisat kimi möhkəmlənməsini, mövcud iş prinsipinin təkmilləşdirilməsini və qlobal əlaqələrinin genişlənməsini ön plana çəkib. Bu təşəbbüskar möqe AQEM-in sadəcə fikir mübadiləsi aparılan bir forumdan çıxaraq, daha çevik, nəticəyönümlü və nüfuzlu beynəlxalq təşkilata transformasiyasına mühüm töhfə verir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Toplantısındakı çıxışına diqqət çəkərək qeyd edib ki, Azərbaycan ikiillik sədrlik müddətində təşkilatın gücləndirilməsinə prioritet olaraq önəm verib. Dövlətimizin başçısı nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm kimi strateji sahələrdə əməkdaşlığın fəal təşviq olunduğunu bildirib. Vurğulanıb ki, bütün üzv ölkələrin yekdil dəstəyi ilə reallaşan təşəbbüslər sayəsində AQEM hazırda institusional və hüquqi baxımdan daha da möhkəmlənib.
Deputat diqqətə çatdırıb ki, ölkə rəhbəri AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir: “Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir”. Çıxışı əsnasında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə də toxunan dövlət başçısı vurğuladı ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətməsi nəticəsində azərbaycanlı hərbçilər həlak olub. Beləliklə, Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. Vətən müharibəsinin 44 gün davam etdiyini diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib, 2020-ci il noyabrın 10-da isə Ermənistan kapitulyasiya aktı imzalayıb. Müharibənin ölkəmizin seçimi olmadığını diqqətə çatdıran dövlət başçısı vurğuladı ki: “Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
K.Bayramov əlavə edib ki, beynəlxalq hüququn icra mexanizmlərinin vacibliyinə toxunan dövlət başçısı bu məsələdə qətiyyətli mövqe ortaya qoyaraq, “BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq” fikrini ifadə edib, eyni zamanda qazanılan tarixi Zəfərin təkcə ədalətin bərpası deyil, həm də beynəlxalq hüququn təntənəsi olduğunu, ölkəmizə gələn xarici qonaqların bu həqiqətləri yerində görməsinin böyük önəm daşıdığını vurğulayan dövlət başçısı “İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər” deyə qeyd edib.
Göründüyü kimi, Azərbaycanın AQEM-dəki uğurlu sədrliyi və dövlət başçısının qətiyyətli mövqeyi regional sülhün, beynəlxalq ədalətin və çoxqütblü tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.