15 oktyabr 2026 16:00
126

Azərbaycan-Laos münasibətlərinin gələcək inkişafı

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin səfəri zamanı Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında dostluq münasibətlərinin inkişafından, siyasi dialoqun möhkəmləndirilməsindən və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs etdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan ilə Laos arasında 30 ildən artıqdır davam edən diplomatik əlaqələr qarşılıqlı hörmət, həmrəylik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq prinsiplərinə əsaslanır. Parlamentlərarası əlaqələrin inkişafı, hər iki ölkədə dostluq qruplarının fəaliyyət göstərməsi və siyasi partiyalar arasında əməkdaşlıq münasibətlərin möhkəm təməllərini təşkil edir.

Prezident İlham Əliyev iqtisadi əlaqələrin mövcud potensialının daha geniş olduğunu vurğulayaraq ticarət dövriyyəsinin artırılmasının və qarşılıqlı investisiyaların təşviqinin vacibliyini diqqətə çatdırdı. Bu istiqamətdə Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumunun əhəmiyyətinə toxunuldu. Bildirildi ki, Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələrin təqdim edilməsi yeni investisiya imkanlarının reallaşdırılmasına şərait yarada bilər. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunan əsas məsələlər sırasında yer alır.

Bəyanatda humanitar sahədə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Dövlətimizin başçısı vaxtilə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin bərpasını təklif etdi. Təqaüd mexanizmlərinin yaradılması vasitəsilə Laosdan olan tələbələrin ölkəmizdə təhsil imkanlarının genişləndirilməsinin xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyi vurğulandı.

Prezident İlham Əliyev Azərbaycan və Laosun qarşılaşdığı mina probleminə də toxundu. Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində bir milyondan çox minanın basdırıldığını bildirən dövlətimizin başçısı son illərdə mina partlayışları nəticəsində insanların həlak olduğunu və ağır yaralandığını qeyd etdi. Bu sahədə təcrübə mübadiləsinin aparılması, müasir texnologiyaların tətbiqi və müvafiq təlimlərin təşkili əməkdaşlığın mühüm istiqamətləri kimi dəyərləndirildi.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivləri də diqqət mərkəzində saxlanıldı. Laosda həyata keçirilən dəmir yolu layihələrinin gələcəkdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutuna bağlantı imkanları yarada biləcəyi bildirildi. Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yaratdığı imkanlar fonunda yükdaşımaların həcminin artırılması üçün əlverişli perspektivlərin mövcud olduğu vurğulandı.

Prezident İlham Əliyev Laosun Azərbaycan üçün dost ölkə olduğunu bir daha qeyd edərək rəsmi səfərin münasibətlərin inkişafına yeni təkan verəcəyini bildirdi. Dövlətimizin başçısının sözlərinə görə, qarşılıqlı siyasi iradə və konkret təşəbbüslər əməkdaşlığın müxtəlif sahələrində real nəticələrin əldə olunmasına imkan yaradır.

Beləliklə, Laos Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində aparılan müzakirələr və qəbul edilmiş Birgə Bəyanat Azərbaycan-Laos münasibətlərinin gələcək inkişafı üçün əhəmiyyətli zəmin yaradır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri