30 aprel 2025 11:02
72

Azərbaycanla  İran  əməkdaşlıq və dostluğ münasibətlərinin yeni mərhələsindədir

Dost və qonşu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfər etməsi regional əməkdaşlığın genişləndirilməsi və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından böyük  əhəmiyyət malikdir.

Azərbaycan ilə İran arasında münasibətlərin təməli təkcə coğrafi yaxınlıqla deyil, eyni zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır. Səfərin səmərəliliyi barədə Prezident İlham Əliyevin iranlı həmkarı ilə birgə mətbuata açıqlamasında söyləmişdir: «Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür” fikirləri iki ölkə arasında tarixən mövcud olan sıx və dərin əlaqələrin bu gün də uğurla davam etdirildiyini aydın şəkildə göstərir. Bu fikirlər həm tarixi gerçəkliklərə əsaslanır, həm də bugünkü geosiyasi reallıqları və diplomatik münasibətlərin səviyyəsini özündə əks etdirir».

Cənab Məsud Pezeşkianın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi beynəlxalq hüquq normalarına, ədalətə və regional əməkdaşlıq ruhuna uyğun bir yanaşmadır. Yəni bu mövqe  Ermənistanın bölgədə revanşist meyllərinə qarşı həmrəylik nümayiş etdirilməsi baxımından da mühüm çağrışdır. Azərbaycan bölgədə bütün qonşuları ilə qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına və əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. Bir sözlə, İran Prezidentinin bu bəyanatı ölkələrimiz arasındakı əlaqələrin dostluq və tərəfdaşlıq ruhunda inkişaf etdiyini bir daha təsdiqləyir. Azərbaycan regionda sülh və sabitliyə yönəlmiş istənilən ədalətli mövqeni yüksək qiymətləndirir və bu istiqamətdə atılan addımların bölgənin ümumi rifahına töhfə verəcəyinə inanır.

Ümuiyyətlə, Azərbaycan və İran arasındakı əməkdaşlıq yalnız iki ölkə arasında rəsmi və strateji səviyyədə müzakirələrlə məhdudlaşmır. Yəni iki ölkə arasında son  illər ərzində müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd imzalanıb. Həmin sənədlər, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasından tutmuş, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar məsələlərə qədər bir çox sahəni əhatə edir. Bu həm də iki ölkənin dövlət qurumları arasında etibar və səmimi əməkdaşlığın möhkəmləndirilməsinin göstəricisidir.

Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri yalnız iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi deyil, həm də regionda iqtisadi, siyasi və mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının başlanğıcı ola bilər. Belə yüksək səviyyəli görüşlər və imzalanan sənədlər, hər iki ölkə üçün qarşılıqlı fayda təmin edəcək layihələrin həyata keçirilməsini mümkün edir. Bu bir reallıqdır ki, Prezident İlham Əliyevin apardığı siyasət, Azərbaycanın beynəlxalq arenada güclü və etibarlı bir tərəfdaş kimi tanınmasına səbəb olub. Bu uğurlu  siyasət, həmçinin Azərbaycanın regionda və dünyada sülh, sabitlik və inkişafın təminatçısı olmasına xidmət edir. Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, iqtisadi əlaqələrin daha da dərinləşməsinə və regional əməkdaşlığın yeni imkanlarla genişlənməsinə şərait yaradır. İranla olan münasibətlərin inkişafı, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığını daha da genişləndirməklə yanaşı, həm də sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm bir addım ola bilər.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri