30 aprel 2025 23:58
146

Narkomaniyanın yaratdığı fəsadlar

Narkomaniya dövrümüzün ən dəhşətli bəlası olmaqla hazırda ona qarşı mübarizə aparmaq dövlətdə yaşayan vətəndaşların, həmçinin hər bir fərdin mənəvi borcudur. Çünki insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə, onun orqanizminə, sağlamlığına ən böyük zərbə vuran, “ağ ölüm” kimi tarixin yaddaşında yaşayan narkomaniya gündən-günə şiddətlənir. Aparılan təhlillər aydın şəkildə göstərir ki, bu elə bir təhlükəli və sosial əhəmiyyətli xəstəlikdir, hər kəsin başına qəfil gələ bilər. Hətta faciənin içində can verənləri görənlər belə narkomanlığa doğru gedir. Müasir dövrümüzdə isə yeniyetmələr, gənclər narkotik vasitələrinə daha çox meyllənir. Bu da o deməkdir ki, ən qorxulu pislik bizimlə birlikdə irəliyə doğru addımlayır, gələcəyimizi təhlükə qarşısında qoyur.

Son zamanlar ölkəmizdə narkomaniya ilə hüquq-mühafizə orqanları, eləcə də digər təşkilatlar tərəfində ciddi tədbirlər görülür. Belə tədbirlərdə gəncləri, yeniyetmələri bəşəri faciədən uzaq salmaqdan ötrü əvvəli cənnət, sonu fəlakət olan narkomanlığın törətdiyi ağır fəsadları barədə ətraflı məlumat verilir.

Astara Pedaqoji Kollecdə də respublikamızda “ağ ölüm” ə qarşı mübarizənin uğurlu həlli üçün ardıcıl izahat işləri aparılır. Təhsil ocağında "Aqronomluq və qida texnologiyası” FBK-nın təşkilatçılığı sayəsində baş tutan növbəti belə tədbir “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi” mövzusunda idi.

Tədbir iştirakçıları əvvəlcə Vətən, torpaq naminə canını fəda edən qəhrəman oğlanların əziz xatirəsini bir dəqiqəlik sükutla andılar.

Tədbirdə FBK sədri Nisə Əskərova, Kimya və biologiya müəllimi Dilruba Salayeva yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, narkotik maddələrdən istifadə edənlərin taleyindən, onun insan həyatında yaratdığı sağalmaz fəsadları və ağır nəticələrdən, ondan qorunmağın vacib yollarından, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasından asudə vaxtın səmərəli təşkili və onlarda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən işlərdən geniş şəkildə danışdılar. Həmçinin qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə tələbələri daha çox düşündürən suallara cavab verildi. Axırda Dilruba müəllim fikrini belə tamamladı: “Bəli, sadəcə bilmək lazımdır ki, narkomanlıq insan həyatını yarımçıq qoyur, onu təbiətin yaratdığı bütün gözəl nemətlərdən məhrum edir. Daha doğrusu, narkomanın nə şəxsiyyəti, nə düşüncəsi, nə insan kimi duyğusu, hissi olur. Onlar heç kimi həqiqi məhəbbətlə sevə bilmir, əvvəli parlaq görünən qısa həyatına sonralar zülmət çökür.”

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü