02 may 2025 02:26
192

Əriyən buzlaqlar dünyamızı necə təhdid edir?

İqlim dəyişikliyi səbəbindən buzlaqların sürətlə əriməsi bütün dünyada şirin su təchizatı, enerji istehsalı və həssas icmalar üçün təhlükə yaradır. Qlobal istiləşmənin bilavasitə nəticəsi olan buzlaqların əriməsi həyat və dolanışıq vasitələri üçün dramatik nəticələrə gətirib çıxara bilər. Buzlaqların əriməsi atom elektrik stansiyalarının dayanması, kənd təsərrüfatı və su ehtiyatlarının risk altında olması və sahilyanı şəhərlərin daşqın təhlükəsini yaradır.

Cümə günü ilk dəfə “Ümumdünya Buzlaqlar Günü”nü qeyd etmək üçün Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Hava, İqlim və Su Agentliyi ilə YUNESKO-nun Mədəniyyət Agentliyi azalan buzlaqların gündəlik həyata göstərə biləcəyi təsirləri nəzərdən keçiriblər.

Təbii fəlakətlər artır

Böyük miqdarda su buraxaraq buzlaqların əriməsi sel, sürüşmə və uçqun kimi təbii fəlakətlərə səbəb ola bilər. Yaranan göllər daşaraq alçaqda yerləşən şəhər və kəndlər çətinliyə məruz qoyur, təhdid edir, geri çəkilən buzlaq dili isə çökə bilən çılpaq qaya və ya çöküntüləri aşkar edərək yerli təhlükə riskini artırır.

Su ehtiyatları təhlükə altındadır

Buzlaqların əriməsi nəticəsində buraxılan su əvvəlcə çaylarda və göllərdə daşqına səbəb olur. Sonra isə bu mənbələr quruyur.

"Biz düşünürük ki, dünyada su hövzələrinin əksəriyyəti əsr ərzində bu hündürlüyə çatacaq və təxminən 30%-i ya daha çoxu artıq onu keçib", -deyə Ümumdünya Buzlaqların Monitorinqi Xidmətinin direktoru Maykl Zemp bildirib.

Buzlaqların yoxa çıxması şirin su ehtiyatlarına təsir edəcək. Xüsusən də, Mərkəzi Asiya və mərkəzi And dağları risk altındadır. Çünki burada ən isti və ən quraq aylarda buzlaqlar çox vaxt yeganə su mənbəyidir.

YUNESKO-nun cümə günü dərc etdiyi hesabata görə, dağlar dünyanın illik şirin su axınının 60%-ni təmin edir. 2 milyarddan çox insan içməli su, kanalizasiya və təsərrüfat vasitələri üçün birbaşa dağlardan gələn sudan asılıdır. YUNESKO-nun hökumətlərarası hidroloji proqramının katibi Əbu Amani qeyd edib ki, Amazon çayının suyunun yarısı And dağlarından gəlir.

Biomüxtəliflik pozulub

Qar xəttinin hündürlüyü yüksəlir, biomüxtəlifliyi dəyişir. “Bitki örtüyü dağlarda daha yüksəklikdə böyüyə biləcək”, - deyə Zemp bildirib. Onun sözlərinə görə, bu, bütün dağ ekosistemində böyük dəyişikliklərə səbəb ola bilər.

"Dəyişikliyin miqdarı və dəyişikliyin sürəti dünya üçün böyük bir problem olacaq", - deyə mütəxəssis həyəcan təbili çalıb.

Dəyişən dağ həyatları

Su kənd təsərrüfatı, meşə təsərrüfatı, turizm və enerji istehsalı kimi bir çox iqtisadi sektorlarda mühüm rol oynayır.

"And ölkələrində hidroenergetikanın 85%-i dağlıq ərazilərdə istehsal olunur", - YUNESKO bildirir.

Bəzi yüksək dağ icmaları buzlaqların geri çəkilməsi, otlaqların pisləşməsi səbəbindən kəndlərini tərk edərək şəhər ərazilərinə getməyə məcbur ola bilərlər.

Elektrik və nəqliyyata təsiri

Buzlaqların geri çəkilməsi həm də hidroelektrik istehsalını və ərzaq təhlükəsizliyini təhdid edir. Qarşıda çətin seçimlər var.

YUNESKO-nun məlumatına görə, qlobal miqyasda buzlaqların geri çəkilməsi və dağlarda qarın azalması dünyanın suvarılan əkinçilik sahəsinin üçdə ikisinə təsir edəcək.

Sudan asılı olan digər sektorlar da təsirlənir.

Artıq bir neçə ildir ki, Fransada istilik dalğaları zamanı çayların temperaturunun yüksəlməsi və ya quraqlıq zamanı aşağı axın sürəti atom elektrik stansiyalarında hasilatı ləngidir.

Son illərdə Avropanın Reyn çayında suyun səviyyəsinin aşağı olması su ilə daşınan nəqliyyatı təhlükə altına qoyub.

"Bu, indi bəzən baş verir, lakin gələcəkdə daha tez-tez baş verə bilər. Çünki isti və quraq dövrlər artacaq”, -isveçrəli buzlaqşünas Matthias Hass bildirib.

Dəniz səviyyəsi yüksəlir

Zemp bildirib ki, temperaturun artması nəticəsində dəniz suyunun genişlənməsindən sonra buzlaqlar dəniz səviyyəsinin qalxmasına ən böyük töhfə verən ikinci amildir. Lakin onların "gələcək onilliklər ərzində" əsas “sürücüyə” çevriləcəyi gözlənilir.

NASA-nın peyk müşahidələrinə görə, qlobal dəniz səviyyəsi 1993-cü ildən bəri 10 santimetr artıb.

"Dəniz səviyyəsinin hər əlavə millimetr qalxması 200000-300000 insanı illik daşqınlara məruz qoyur. Belə ki, az miqyasla böyük təsir", - Zemp bildirib.

Bunun çox geniş təsirləri ola bilər

2011-ci ildə Banqkokda böyük daşqınlar səbəbindən dünya üzrə kompüter istehsalçılarına sərt disklərin tədarükü dayandırılmışdı.

"Bu, kompüter qiymətlərinin artmasına və hətta sabit disklərə tələbat səbəbindən avtomobil istehsalında çətinliklərə səbəb oldu", - “WMO”nun su və kriosfer üzrə direktoru Stefan Uhlenbruk xatırladıb. Qloballaşan, bir-biri ilə əlaqəli iqtisadiyyatlarda bu dəyişikliklərin hamıya təsiri artıq qaçılmazdır", - deyə Uhlenbruk vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”